Lənkəran rayonu Amigis ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Lənkəran rayonunun Horavenc kəndi ərazisində yerləşir. Pirin tarixi XVI əsrə aid edilir və bu, ocağın həyətindəki qədim qəbiristanlıqda yerləşən kitabədən məlum olur.

Yerli sakinlərin bildirdiyinə görə, ocaq Amigis adlı seyyidin adı ilə bağlıdır. Çox güman ki, Amigis İslam dinini təbliğ etmək məqsədilə bu əraziyə gəlmişdir. Amigisə olan inam və hörmətin nəticəsi olaraq onun qəbri ziyarətgaha çevrilmişdir.

Aqşin Mistanlının “Cənub bölgəsinin abidələr ensiklopediyası”na əsasən, bu ocaq Bobogilin qohumu olan bir qadın ilə bağlıdır. Yerli sakinlərin dediklərinə görə, o, Bobogilin əmisi qızı olmuşdur. Bu səbəbdən əvvəllər “Əmiqızı” formasında olan bu söz sonradan Amigis şəklinə düşmüşdür.

1990-cı illərdə Horavenc kənd sakini Şahüseyn Səfərovun şəxsi vəsaiti hesabına Amigisin qəbri üzərində məqbərə tikilmişdir.

Amigis rayonun çox ziyarət olunan ocaqlarından hesab olunur.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.