Məscid Kürdəmir rayonunun Karrar stansiyasında yerləşir. İbadət evinin inşası 1990-1994-cü illərə aid edilir. İbadətgah yerli sakin Məşədi Sarıoğlan, Məşədi Xeyrulla, Məşədi Gülabbas, Elman Məmmədhüseyn oğlu və Eynulla Baxşəlioğlunun təşəbbüsü ilə inşa edilib.
Məscid mişar daşından tikilib və düzbucaqlı formaya malikdir. İbadət evinin döşəməsi və tavanı betondandır, damı dəmir təbəqə ilə üzlənib. İbadətgahın yeddi taxta pəncərəsi və iki giriş qapısı var. İbadət zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Bu iki şöbə daş divarla bölünüb və həmin divarda üç taxta pəncərə mövcuddur. Məscidin bir günbəzi və qoşa minarəsi var. Günbəzin üstü dəmir təbəqə ilə örtülüb və onun üstündə dəmirdən aypara rəmzi quraşdırılıb. Minarələr dəmir borudan hazırlanıb və onların hündürlüyü 14 metr təşkil edir. İbadət zalında mehrab və dəmirdən dördpilləli minbər yerləşir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.