İsmayıllı rayonu Hacı Bədəl məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid İsmayıllı rayonunda, Basqal qəsəbəsinin Dəmirçi-Bazar məhəlləsində yerləşir. İbadətgah 1848-ci ildə inşa edilib. İbadət evi Hacı Bədəl Məşədi ağa oğlu adlı şəxs tərəfindən tikilib. O, buranı qızı Sitarə xanımın şərəfinə inşa edib.

İbadət evinin tutumu 200 nəfər təşkil edir. İbadət evinin tavanı taxtadan, döşəməsi isə daşdandır. İbadətgahın damı dəmir təbəqə ilə örtülüb. İbadət zalında iki tağvari və altı düzbucaqlı formada pəncərə var. Məscidin ibadət zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi əsas zalda düzəldilən taxta eyvanda yerləşir. İbadətgahın minbəri taxtadan düzəldilib. İbadət evinin mehrabı Basqal xəttatları tərəfindən müxtəlif naxışlarla bəzədilib. Mehrabda, həmçinin göyərçin fiquru üzərində ərəbcə bir neçə dəfə “Əli” adı yazılıb. Bu yazı güzgü effekti ilə birləşərək “Məhəmməd” adını əmələ gətirir. Məscidin bir günbəzi və bir minarəsi var. Günbəzin hündürlüyü 4 metrdir.

Məscidin həyətində, həmçinin türbə yerləşir. Burada Seyid Ümbülbanu adlı şəxs dəfn edilib. Deyilənə görə, o, mömin bir insan olub və İmam Cəfər Sadiqin (ə.s) nəslindən gəlib. Türbənin giriş qapısındakı lövhədə Seyid Ümbülbanunun 1855-1898-ci illərdə yaşaması qeyd edilib.

1957-ci ildə ibadət evi və türbə yerli sakinlər tərəfindən təmir edilib.

Sovet dövründə məscid anbar kimi istifadə edilib. Lakin 1985-ci ildə ibadətgahda əsaslı təmir-bərpa işləri aparılıb. 1990-cı ildə isə yerli sakin Məmməd Bağırovun təşəbbüsü ilə məscidin fəaliyyəti bərpa edilib.

İsmayıllı rayonu Hacı Bədəl məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Basqal Hacı Bədəl məscidi – Hajı Badal mosque – YouTube