İsmayıllı rayonu Bədöyün məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İsmayıllı rayonu Bədöyün məscidiMəscid İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşir. Bədöyün məscidi 1791-ci ildə inşa edilib. İbadət evi Hacı Qurban adlı bir şəxs tərəfindən tikilib.

Abidənin üzərində səkkiz kitabə var, onların yeddisi ərəb dilində, biri isə ərəb hərfləri ilə Azərbaycan dilindədir. Üzərilərində hədis yazılan iki kitabədə hicri-qəməri təqvimi ilə 1295 (1878-ci il) və 1323 (1905-ci il) tarixləri qeyd olunub.

Məscid bütövlüklə çaylaq daşlarından inşa edilib. İbadət evi iki mərtəbəlidir. İkinci mərtəbə qadınların ibadət etməsi üçün nəzərdə tutulub və ora giriş məscidin kənarındandır. Binanın dam örtüyü və minarə dəmir təbəqə ilə işlənib. Qapı və pəncərələr taxtadan düzəldilib. Giriş qapısının üst və yan tərəflərində kitabələr var. Girişdən sol tərəfdəki otaqda məscidin əvvəlki axundlarından birinin məzarı yerləşir.

Sovet dövründə məscid xalça sexi kimi istifadə edilib. 1990-cı ildə ibadət evi təmir olunub, lakin təmir işləri yarımçıq qaldığına baxmayaraq məscid kimi fəaliyyəti davam edilib. 1997-ci ildə ibadət evi yığılan nəzirlərin hesabına əsaslı təmir edilib.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://science.gov.az
  3. http://ismayilli-ih.gov.az