Hacıqabul rayonu Pir Hüseyn xanəgahı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Hacıqabul rayonu Pir Hüseyn xanəgahıPir Hacıqabul rayonunun Qubalıbaloğlan kəndi ərazisində, Pirsaat çayı sahilində yerləşir. Xanəgah kompleksi sufi şairi, filosof Şeyx Əlihüseyn ibn Əlinin məzarı üzərində ucaldılıb. O, həmçinin Pir Hüseyn (Şirvani) Rəvananın adı ilə tanınır. Ziyarətgah yaranma tarixi XI-XIII əsrlərə aid edilir, lakin müxtəlif dövrlərdə xanəgah Şirvanşahlar və Elxani hökmdarları tərəfindən ucaldılıb.

Pir Hüseyn sufi şairi və filosofu Məhəmməd Bakuvinin kiçik qardaşı idi. Tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Pir Hüseyn 1074 ildə vəfat edib.

Pir Hüseyn Şirvaninin qəbrinin üstündə ilk öncə türbə hazırlanıb, sonra məscid və minarə, ən sonda isə qala divarları tikilib.

Şeyx Pir Hüseynin məzarını XIV əsrdə Qızıl Orda xanı Özbək ziyarət etmiş, öz əmirlərinə burada tutduqları əsirləri azad etmək və taladıqlarını geri qaytarmaq əmri vermişdir. Həmçinin o, ziyarətgaha zəngin qızıl külçələr və qiymətli dərilər hədiyyə etmişdir.

Türbənin bütün divarlarının aşağı hissəsi kaşı bəzəyi ilə örtülmüşdür. Rus alimi V.Sısoyevin müşahidələrinə görə, əvvəllər türbənin dörd divarının hər biri və hətta giriş qapısının divarı kaşı lövhələri ilə bəzədilibmiş. Onlar İranın Kaşan şəhərində hazırlanmışdır. Bir çox dövrlərdə bu kaşılar müxtəlif dövlətlərə aparılmışdır. Pir Hüseyn türbəsindən kaşıların daşınması prosesi sovet hakimiyyəti dövründə başa çatdırılmışdır. Hazırda bu kaşı bəzəklərinin 15 parçası qalıb. Qalanları isə Luvr, Ermitaj və Prado muzeylərində saxlanılır.

Xanəgahın şimal qala divarlarına bitişik iri salon – sufi mərasimlərinin keçirildiyi camaatxana hesab edilir. Lakin salonun şərq hissəsində təndir aşkar edilməsi həmin salondan, həmçinin mətbəx-aşxana kimi də istifadə edildiyini göstərir. Həmin salona cənubdan və qərbdən iki hücrənin qapısı açılır. Salonun şərq divarına bitişik uzunsov hücrənin qapısı isə həyətə çıxır. Camaatxana salonu ilə bu hücrənin divarları arasındakı bucaqda minarə yerləşir.

Minarənin giriş qapısı üstündə süls xətti ilə, böyük daş kitabədə belə yazılıb: “Ulu Şeyx Pir Hüseynin xanəgahında olan bu minarə tikilisi ədalətli padşah Menku Buqa xaqanın dövründə…Arqun ağanın vəsaiti və yardımı ilə”. Minarəyə giriş qapısından sol tərəfdə onun Şirvanşah II Axsitanın hakimiyyəti dövründə, 1256-cı ildə ucaldıldığını bildirən məlumat daş kitabə şəklində hörgüyə daxil edilmişdir.

Xanəgahın gəc oyma naxışlı mehrabı 1940-cı ildə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat Muzeyindəki divara quraşdırılıb. Mehrabın yaşıl kaşı çubuqlarından yığılan kitabəsinə Şirvanşah Əbülfəth Fərruxzad bin Axsitanın adı və inşa tarix – 1267 il həkk olunub.

Pir Hüseyn xanəgahına erməni quldur dəstəsi ziyan vurmuşdur. V.Sısoyev 1925-ci ildə nəşr etdirdiyi məqaləsində bildirir ki, Pir Hüseyn türbəsinin kaşılarının ümumiyyətlə böyük bölümünü xanəgahı 1918 ildə zəbt etmiş, sonra isə Ermənistana getmiş erməni hərbi dəstəsi sındırmışdır”.

2005-ci ildə xanəgahda təmir-bərpa işləri aparılıb.

Pir Hüseyn xanəgahı ölkə əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://shamakhi-encyclopedia.az
  3. https://www.youtube.com
  4. https://medeniyyet.az
  5. https://sputnik.az