Məscid Gəncə şəhərinin Şahsevənlər məhəlləsində, Şahsevənlər küçəsi 80-də yerləşir. İbadətgahın tikintisinə 1880-ci ildə inşa edilib. Məscid məhəllə sakinlərinin təşəbbüsü ilə və iranlı bir şəxsin rəhbərliyi ilə tikilib.
İbadətgah düzbucaqlı formadadır və kərpicdəndir. İbadət zalı iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Qadınlar şöbəsi iki mərtəbədən ibarətdir. Bu şöbənin ikinci mərtəbəsinin məhəccəri amfiteatr formasındadır. Məscidin dördbucaqlı formada taxtadan bir giriş qapısı var. İbadət zalında tağvari formaya malik taxtadan 10 pəncərə qoyulub. İbadətgahın mehrabının yan tərəfində və yuxarı hissədə 12 İmamın (ə.s) adı həkk olunub.
Məscid memarlıq üslubuna görə, digər məscidlərdən fərqlənir. Onun minarəsi yoxdur. Minarəni məscidin şimal divarlarında inşa edilən və günbəzin yuxarı hissəsinə kimi uzanan pillələr əvəz edir. İbadət evinin kərpicdən bir günbəzi mövcuddur və diametri 12 metrdir. Məscidin günbəzi 8 tağ şəkilli divar üstündə dayanır.
Sovet dövründə ibadətgahdan yaşayış evi və kitabxana kimi istifadə edilib. 1970-ci ildə məsciddə təmir bərpa işləri aparılıb və 1994-cü ildən onun fəaliyyəti bərpa edilib.
Şahsevənlər məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001
- Fərrux Əhmədov. Gəncənin Tarix yaddaşı. Bakı-1998.
- http://www.mct.gov.az