Məscid Gəncə şəhərinin mərkəzində yerləşir. İbadət evi 1606-cı ildə tikilib. İbadətgah Səfəvi hökmdarı Şah Abbasın göstərişi ilə Gəncə hakimi Məhəmməd xan Ziyad oğlu tərəfindən inşa edilib. Layihənin memarı Şeyx Bəhaəddin Məhəmməd Amilidir.
Məscidin binası Gəncədə XIX və XX əsrlərdə baş verən 11 zəlzələyə tab gətirib. Abidə xüsusi memarlıq üslubunda tikilib. Belə ki, günorta binanın günbatan divarına düşən kölgə itir, bu isə zöhr namazının vaxtını bildirir.
Məscidin bir günbəzi və qoşa minarəsi var. Minarələr fərqli tarixlərdə ucaldılıb və hündürlükləri 22 metrdir. Yerli sakinlərin sözlərinə görə, minarənin biri Çar Rusiyasının artilleriya atəşi nəticəsində zədələnib, lakin sonradan bərpa edilib. 1924-cü ildə Gəncə tütün fabrikinin sahibi Hacı Əli şəxsi hesabına məscidin günbəz və damına dəmir üzlük çəkdirib. Həmin vaxtdan bugünədək aparılan təmir işlərində dəmir üzlüyə toxunulmayıb.
İbadətgahın minbəri Cavad xan tərəfindən palıd ağacından düzəldilib və doqquzpilləlidir. Məscidin pəncərələri rəngli şüşələrdən ibarətdir. İbadətgahın həyətində Şah Abbasın dövrünə aid hamam da var. Hazırda hamam muzey kimi qorunur. İbadət evinin giriş qapısının üzərində iki kitabə var, onlardan biri fars, digəri isə ərəb dilindədir. Məscidin nəzdində vaxtı ilə mədrəsə fəaliyyət göstərib.
1936-1944-cü illərdə məscidin fəaliyyəti dayandırılıb, lakin 1944-1962-ci ilədək ibadət evinin fəaliyyəti bərpa olunub. 1990-cı ildə yerli sakinlərin səyi nəticəsində məscid yenidən açılıb və bir il sonra abidədə təmir-bərpa işləri aparılıb. 2008-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə Şah Abbas məscidində əsaslı təmir işləri aparılıb.
Gəncə şəhər Cümə məscidi ölkə əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- DQDK. Azərbaycanın seçilmiş islam abidələri. Bakı-2015.
- Şah Abbas yadigarı: Gəncə Cümə Məscidi (AZƏRTAC)
- http://www.mct.gov.az