Məscid Gəncə şəhərində, Bağmanlar küçəsində yerləşir. İbadətgah 1650-ci ildə inşa edilib. İbadət evinin kitabəsində isə belə yazılıb: “Bu məscid 1870-1873-cü illərdə Qırıxlı məhəllə camaatı tərəfindən xüsusi ilə Hacı Qasım, Hacı Avdı, Hacı Mehdi, Məşədi Zaman və s. ağsaqqalların təşəbbüsü və maddi dəstəyi ilə tikilib”. Ehtimal edilir ki, bu tarix məscidin bərpa tarixidir.
İbadətgah qırmızı kərpicdən inşa olunub. Məscidin əsas giriş qapısının dəhlizindən sağ və sol tərəfdə yardımçı otaqlar mövcuddur. İbadət evinin bir günbəzi var, minarəsi isə yoxdur. Günbəz firüzəyi rəngli təbəqə ilə örtülüb.
Məscid sovet dövründə anbar və yeməkxana kimi istifadə olunub. Həmçinin burada “Şəfa çiçəyi” adlı yaşıl aptek fəaliyyət göstərib. İbadət evinin həyətində ehsan bulağıda yerləşir. Bulağın mərmərinin üzərində “Tutu xanımın və cəmi Şəhidlərin xatirəsinə Ehsan” sözləri yazılıb.
İbadətgah 1997-ci ildə fəaliyyətini bərpa edib.
Qırıxlı məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Fərrux Əhmədov. Gəncənin Tarix yaddaşı. Bakı-1998.
- http://www.mct.gov.az