Gəncə şəhəri Ozan məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Gəncə şəhəri Ozan məscidiMəscid Gəncə şəhərinin Ozan küçəsi ilə Ruhulla Axundov küçəsinin kəsişməsində yerləşir. Bəzi mənbələrə görə, ibadətgah 1884-cü ildə inşa edilib. Abidənin giriş tağının üzərindəki kitabədə isə ibadət evinin tikinti tarixi kimi 1786-cı il göstərilib. Məscidin binasında hal-hazırda 15 saylı kitabxana fəaliyyət göstərir.

İbadətgah, həmçinin Hacı Abbaslı məscidi kimi tanınır. Ehtimal edilir ki, bu ibadət evi Hacı Abbas adlı şəxsin vəsaiti hesabına tikilib. İbadətgahın inşasında məhəllə sakinləri də təşəbbüs göstərib, iştirak etmişlər.

1920-ci ildə sovet hakimiyyətinə qarşı Gəncə üsyanı zamanı Ozan məscidi rus və ermənilər tərəfindən dağıntılara məruz qalır. Bunun şahidi olan Məhəmməd Altunbay “Azadlığa uçan ilk türk” kitabında yazıb: “Ən böyük faciə Ozan məscidindəydi… Açıq qalan qapı önündən keçərkən duyduğumuz dəhşətdən qanımız dondu. Məscidin ortasında yüzlərlə insanın yanğından qıvrılıb qalan cəsədi qorxunc bir mənzərə yaratmışdı… Diri-diri yandırılan məsum insanların qanı və yağı kömürləşən qapının altından çölə axırdı. Cəsədlər arasında necə olubsa yanmayan, fəqət qaralıb qalan əllər, əl və ayaq parçaları, saç hörükləri faciənin böyük dəhşətini daha da artırırdı…”

İbadətgah dördbucaqlı formaya malikdir və qırmızı kərpicdən inşa edilib. Məscidin fasadı, yan və arxa divarlarının yuxarı hissəsi kərpicdən müxtəlif həndəsi formada hörülüb. İbadət evinin bir günbəzi var, minarəsi isə yoxdur.

Məscidin fəaliyyəti 1920-ci ildə dayandırılıb.

Ozan məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr: 

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://gencexeber.az
  3. http://www.mct.gov.az
  4. https://www.youtube.com