Gəncə şəhər Hüseyniyyə (Tatlar) məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Gəncə şəhər Hüseyniyyə (Tatlar) məscidiMəscid Gəncə şəhərinin Hüseyn Cavid küçəsində yerləşir. Bəzi mənbələrdə ibadətgahın 1825-ci ildə, digər mənbələrdə isə 1870-ci ildə inşa edildiyi qeyd edilir. Məscidin mehrabında olan üç kitabədən biri isə ibadət evinin inşa tarixinin 1886-cı il olduğunu göstərir. Abidənin bir neçə usta tərəfindən inşa olunması tikinti tarixinin səhv düşməsinə səbəb olmuşdur.

İbadətgah İran şahzadəsi Bəhmən Mirzənin qızı Səbiyyə xanımın təşəbbüsü və vəsaiti ilə inşa edilib. Bu haqda digər kitabədə yazılıb: “Bu məscidin yerini, öz mülkündən, torpağından şahzadə Bəhmən Mirzənin qızı Səbiyyə xanım vəqf edib. Burada yaşayan başqa səxavət sahibləri də binanın tikintisinə xərc çəkiblər”.

Vaxtilə burada müsəlmanlar Məhərrəmlik ayında İmam Hüseynə (ə.s) yas saxlayıb. Ona görə də əhali buranı Hüseyniyyə məscidi adlandırıb. Eyni zamanda yerli əhali, vaxtilə İrandan gələnləri “tat” adlandırdıqları üçün sakinlər bu ibadətgaha Tatlar məscidi də deyib.

İlk öncə, ibadətgah mədrəsə və ya qəriblər üçün mehmanxana kimi inşa edilmişdir, sonralar isə məscid kimi fəaliyyətə başlamışdır. Tədqiqatçı Sadiq Şükürov bu fikri təsdiq edərək “Gəncənin tarixi abidələri” kitabında yazır: “Ornamentlərin olması, pəncərələrin böyüklüyü abidənin məscid deyil, mədrəsə, mehmanxana məqsədi ilə tikildiyini söyləməyə haqq verir. Çünki şərq aləmində dini abidələri nəbati ornamentlə bəzəmək qadağan idi”. Bu haqda ibadət evinin kitabələrindən birində yazılıb: “Bu mübarək, müqəddəs məkan Gəncədə bina olunubdur ki, Allah evi kimi qəriblərə xidmət etsin…”.

Bina qırmızı kərpicdən və çay daşından tikilib. İbadətgah bir neçə otağdan ibarətdir. İbadət evinin kiçik və böyük pəncərələri mövcuddur. Məscidin qərb hissəsindəki ornamentlər hal-hazırda suvağın altında qalıb.

Ehtimal edilir ki, məscid inşa edilərkən maddi çətinliklər yaranıb. Bu səbəbdən, bənnalar dəyişdirilib və binanın üslubu, kərpiclərin hörgüsü bir qədər fərqli alınıb. Həmçinin ibadətgahın mehrabı da əyri çıxıb. Bu haqda məscidin minbərinin qərb tərəfində olan kitabədə Azərbaycan dilində şeir var:

Memar çox olmaqdan bənnaları ləc düşdü,

Hər kəs çəkib öz nəqşin, ta qibləsi gəc düşdü.

Barmaq qədəri meyl et, sol səmtinə mehrabın,

Kim, qiblə gəc olmaqdan tarixi ğəşəc düşdü”.

Bir müddət sonra məscidin otaqları kitabxana kimi istifadə olunmağa başlayıb. Hal-hazırda burada Nizami Gəncəvi adına kitabxana yerləşir.

Hüseyniyyə məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Sadıq Şükürov. Gəncənin tarixi abidələri. Gəncə-1998.
  3. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
  4. 525-ci qəzet.- 2014.- 21 oktyabr.- S.7.
  5. https://gencexeber.az
  6. https://news.milli.az