Ziyarətgah Cəlilabad rayonunun Dələli kəndində yerləşir. Bu qəbirlər Qərib Ağa İmam Rzanın övladları Yunis, Yusif və Sidiqəyə məxsusdur. Abidə 1959-cu ildə kənd sakini Nəzərov Əlixan Zəbi oğlu tərəfindəb bərpa edilib.
Ziyarətgahın 1959-cu ildə aşkar edilməsinin bir hekayəsi var. Məzarlar 12 yaşlı Zərifə Nəzərovanın yuxusundan sonra aşkar edilib. Zərifə yatarkən nurani bir kişi onu yuxudan oyadaraq bildirib ki, qorxmasın o, Allah tərəfindən göndərilib. Həyətdə ona bir yer göstərəcəyini deyib. Zərifə yuxudan oyanıb həmin ağsaqqalla həyətə düşüb. Həmin adam həyətdə taxıl əkilən ərazidə bir yeri nişanlayaraq bildirib ki, burada İmam övladlarının məzarları var, onları qazıb aşkar edərsiniz. Səhəri gün Zərifə bunu atası Əlixana danışıb. Bundan sonra kənd sakinləri ağsaqqallarla məsləhətləşərək həmin ərazini qazıblar. Üç metr qazdıqdan sonra qəbirlər aşkar olunub. Sonra məzarlar kənd sakinləri tərəfindən təmir edilib.
Ziyarətgahda niyyət quyusu var. Ziyarətçilər niyyətlərinin çin olub-olmayacağını burada suyun qaynaması ilə bilir.
Ziyarətgahı iki dəfə qapatmağa cəhd ediblər. Sovet dövründə kommunistlər qəbirləri köçürmək istəyiblər, lakin mümkün olmadıqda, onları torpaqla örtüblər. Buna baxmayaraq, ziyarətgah fəaliyyətini dayandırmayıb. Üç qəbir piri dini-tarixi abidə kimi qeydə alınıb.
Mənbələr:
- https://www.youtube.com/watch?v=Z_u8ZifnlWE
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.