Binəqədi qəsəbəsi Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Bakı şəhərinin Binəqədi qəsəbəsində, Gülməmməd Ramazanov küçəsi 105-də yerləşir. İbadət evinin inşa tarixi haqqında iki versiya mövcuddur. İbadətgahın giriş hissəsindəki kitabədə hicri-qəməri təqvimi ilə 1327-ci (1909) il, mehrabın üstündəki kitabədə isə 1324-cü (1906) il qeyd olunub. Məscid qəsəbə sakinləri tərəfindən inşa edilib.

İbadət evinin bir günbəzi və bir minarəsi var. Minarənin şərəfəsində Quran ayələri və üzərində hicri-qəməri təqvimi ilə 1333-cü (1915) il həkk olunub. Minarənin hündürlüyü 32 metrdir və üzərində “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn” adları yazılıb. Məscidin tavanı dörd sütun üzərində dayanır. Sütunlar bir-biri ilə tağlar vasitəsilə birləşib. İbadətgahın minbəri səkkizpilləlidir.

1937-ci ildə ibadətgah sovxozun istifadəsinə verilib və elə həmin ildə də yandırılıb. 1985-ci ildə isə ibadət evinin fəaliyyəti bərpa olunub. 1987-1992-ci illərdə burada Hacı Məhəmməd adlı şəxsin rəhbərliyi ilə yerli sakinlər tərəfindən təmir-bərpa işləri aparılıb. Əvvəllər buranın sahəsi 80 kv.metr olub. Aparılan təmir işləri nəticəsində məscidin sahəsi 264 kv.metrədək genişləndirilib. Məscidin tikintisində keçmiş deputat Hacı Madər də yardım edib. O, ibadət evinə 13 kiçik, 1 böyük çilçıraq və 42 xalça hədiyyə edib.

Binəqədi qəsəbəsi Cümə məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Mənbələr: 

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://www.mct.gov.az
  3. Binəqədi qəsəbə Came məscidi