Bilgəh pir Həftəxar

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Pir köhnə Bilgəh kəndinin qurtaracağında yerləşir. Abidənin inşa tarixi hicri-qəməri təqvimi ilə 220-ci (835) ilə aid olunur.

Abidənin içərisində iki qəbir var. Deyilənlərə görə, bu qəbirlər İmam Museyi-Kazımın qızı Leyla və İmam Rzanın üç yaşlı qızının qəbrləridir. Leyla xanım ailə həyatı qurandan bir həftə sonra burada vəfat edib. Bura ona görə Həftəxar adlanıb, yəni həftənin gəlini mənasını verir.

Abidə düzbucaqlı formaya malikdir və yonulmuş sal daşlardan tikilib. Əsas giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizin sağ və sol tərəfində yardımçı otaqlar var.

Pirin tavanı sütunlar üzərində dayanıb və onlar tağlarla bir-birinə birləşib. Günbəzdə iki gözlük qoyulub. İbadət zalı iki hissəyə ayrılıb: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi ikimərtəbəlidir.

Burada əvvəllər qədim qəbiristanlıq olub.

Pir sovet dövründə bağlanaraq, anbar kimi istifadə olunub. 1988-ci ildə təmir işləri aparılaraq, buradakı tikililərin sahəsi xeyli genişlənib və abadlaşdırılıb.

2002-ci ildə Hacı Etibar Misir oğlunun şəxsi vəsaiti ilə burada təmir işləri görülüb. Həmçinin 2004-cü ildə də burada bərpa işləri aparılıb.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları. Bakı-2005.
  3. http://sabunchu-ih.gov.az/page/130.html