Məscid Bakı şəhərinin Yasamal rayonunda, Mirzə Fətəli Axundov küçəsi 7-də yerləşir. İbadət evi 1905-1914-cü illərdə xeyriyyəçi Nabat Xocabəy qızı Aşurbəyovanın təşəbbüsü ilə tikilib.
Məscidin dörd minarəsi və bir günbəzi var. Günbəzin üstü qızılqaya daşı ilə üzlənib və üzərində altı dəfə “Lə İləhə İlləllah” kəlməsi yazılıb. Məscidin minarələrinin üstü və günbəzin yazıları qızıldan hazırlanıb. İbadət evinin inşası zamanı şəhərin Duması hündür minarələrin inşasına icazə verməyib. Bu səbəbdən məscidin minarələri hündür deyil. İbadətgahın mehrabı mərmərdəndir. Məscidin pəncərə və qapıları qırmızı ağacdan hazırlanıb. Qadınların namaz otağı püstə ağacından düzəldilib.
Sovet dövrüdə ibadət evi kinoteatr və tövlə kimi istifadə edilib. Lakin 1943-cü ildən sonra məscidin ibadət evi kimi fəaliyyət göstərməsinə icazə verilib.
1917-ci ildə Təzə Pir məscidi bağlanıb. 1918-ci ilin mart ayında ermənilərin törətdiyi soyqırım zamanı insanlar bu ibadətgaha sığınıblar.
Bakı şəhəri Təzə Pir məscidi ölkə əhəmiyyətli abidə hesab edilir.
İbadətgah 2009-cu ildə əsaslı təmir edilib, ərazisi abadlaşdırılıb və genişləndirilib. 2019-cu ildə isə məscidin qarşısı yeni tikilən Mərkəzi Parkla birləşdirilib.
Bakı şəhəri Təzə Pir məscidi ölkə əhəmiyyətli abidə hesab edilir.