Bakı şəhəri Pir Həsən ziyarətgah kompleksi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ziyarətgah Bakı şəhərinin Mərdəkan qəsəbəsində, Ramin Qasımov küçəsində yerləşir. Ziyarətgahın inşa tarixi XVII əsrə aid edilir. Burada iki türbə yerləşir. Onlardan biri Pir Həsənə, digəri isə İmam Museyi Kazimin (ə.s) qızı Həzrəti Xədicəyə (s.ə) məxsusdur. Deyilənə görə, Pir Həsən XVII əsrdə yaşayıb və məsum İmamların (ə.s) nəslindən gəlir.

Türbənin üzərində günbəz və iki kitabə var. Onlardan birinin yazısı silinsə də, digərinin yazısı salamat qalıb. Kitabədə yazılıb: “Bu mübarək məqbərə ən kamil insanların nümunəvisi Pir Həsənindir. Əzəmətli xaqan Şah Abbas (Allah onun hökmranlığını əbədiləşdirsin) vaxtında Dərviş əl-Hüseyni tikdirmişdir. Min iyirmi birinci il (1612-1613)”.

Ziyarətgahın önündə azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsi yerləşir. Abidənin sağ tərəfində mesenat Murtuza Muxtarovun təşəbbüsü ilə türbə tikilib. Bu türbədə tanınmış din xadimi Axund Hacı Mirzə Əbdülturab Axundzadə dəfn edilib. Onun qəbrinin kənarında isə Zeynalabdin Tağıyevin qızı Sara xanım və repressiya qurbanı olmuş Zeynal bəy Səlimxanovun məzarları yerləşir.

Deyilənlərə görə, Zeynalabdin Tağıyev bir gün Axund ilə söhbət edib. Axund Mirzə ona deyib: “Bir gün elə ola bilər ki, sənin bütün var-dövlətin əlindən çıxa bilər və əvvəlki milyonlarından heç bir əsər-əlamət qalmaz”. Sonralar Azərbaycanda sovet hakimiyyəti qurulub və Hacı Zeynalabdin bir günün içində müflis olub. Axund Mirzənin uzaqgörənliyinə heyrətlənən Hacı Zeynalabdin vəsiyyət edib ki, ölümündən sonra onu axundun yanında dəfn etsinlər. 1924-cü ildə xeyriyyəçi Zeynalabdin Tağıyev vəfat edib və öz vəsiyyətinə əsasən Axundun qəbrinin ayaq tərəfində dəfn olunub.

Ziyarətgahda, həmçinin çıldağ ocağı yerləşir. Çıldağ qədim şərq müalicə üsulu hesab edilir. İnsanlar buraya öz qorxularını götürmək və bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün üz tuturlar. Pirdə əlavə olaraq namaz otağı, mətbəx və qonaq otağı da var.

2007-ci ildə ziyarətgahda əsaslı təmir-bərpa işləri görülüb.

Pir Həsən türbəsi ölkə əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-2010.
  2. https://scwra.gov.az
  3. http://www.anl.az