Bakı şəhəri Mir Mövsüm Ağa ziyarətgahı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Bakı şəhəri Mir Mövsüm Ağa ziyarətgahıZiyarətgah Bakının Şüvəlan qəsəbəsində “qədim qəbiristan” deyilən ərazidə yerləşir.

Mir Mövsüm ağa 1883-cü ildə Seyyid Mir Talib Ağanın evində dünyaya gəlib. O, 1950 ildə vəfat edib və Şüvəlan qəbiristanlığında dəfn olunub. 1992-1994-cü illərdə onun məzarı üstündə türbə inşa olunub. Türbənin daxilində Mir Mövsüm ağadan əlavə onun qardaşı Mir Kazım ağa və bacısı Mir Səkinə xanım dəfn ediliblər. Mir Mövsüm ağanın əslində üç adı olub. Bunlar Seyidəli, Böyükağa və Mir Mövsüm ağadır. Xalq arasında ağanın adı Ətağa kimi tanınsa da, o özü bu adı sevməzdi.

Bəzən çoxları onu daha da müqəddəsləşdirmək üçün sümüksüz doğulduğunu iddia etsələr də, ailəsi bu haqda tamamilə başqa gerçəkləri söyləyir. O, normal insan kimi dünyaya gəlib. Anası Xədicə xanım bir həftədən sonra bələyi açır ki, uşağı çimizdirsin, görür ki, bələk qan içindədir. O vaxt həkim olmadığı üçün axund çağırırlar. Axund baxıb deyir ki: “Allaha pənah, bu uşaq qalar, ya qalmaz”. Çoxlu qan itirdiyinə görə uşağın bir tərəfi iflic olur. Danışığında da qüsur yaranır. O, sümüksüz deyildi, uşaq iflici olduğundan sümüklərində kalsium azlığı olub. 40 yaşına qədər az da olsa gəzə və otura bilib. Lakin sonralar kalsium azlığından bunu edə bilməyib.

Mir Mövsüm ağa İçərişəhərdə yaşayıb. O, Məhəmməd Peyğəmbərin (s) nəslinin davamçısıdır. İnsanların sözlərinə görə o, əlil olsa da çox kəramətli bir şəxs olub. İnsanlar onun yanına gəlib hacətlərini diləyirdi, bəziləri isə xəstəlikdən şəfa tapırdı.

8 aprel 1998-ci ildə Heydər Əliyev onun ziyarətgahında olub və orada çıxış edib. O, bildirib ki, 20 yaşında ikən ailəsi sıxıntı və çətinliklər ilə qarşılaşıb. Anası nəzir edib onu Heydər Əliyevə verib və ağanın evinə aparmasını istəyib. “Mən 55 il qabaq onu diri ikən ziyarət etmişəm, lakin indi biz onun ziyarətgahına gəlmişik”, – Heydər Əliyev deyib. Ziyarətgahı hətta Pyer Rişar və Jan Klod Van Dam kimi dünya ulduzları da ziyarət edib.

Mir Mövsün ağanın məzarı yaşıl mərmərlə örtülüb. Üzərindəki məhəccər təmiz gümüşdəndir, bura 75 kilo gümüş, 4 kilo isə qızıl sərf olunub.