Məscid Bakı şəhərində, Dilarə Əliyeva küçəsi 155-də yerləşir. İbadət evinin darvazasının üstündəki daş kitabəyə əsasən, məscid hicri təqvimi ilə 1336-cı (1918) ildə tikilib. Lakin giriş qapısının üstündəki kitabədə hicri təqvimi ilə 1311-ci (1894) il qeyd olunub. İbadətgah bakılı xeyriyyəçi Kərbəlayı Abdullah Zərbəliyev tərəfindən inşa edilib.
Sovet repressiyaları zamanı məscidin iki axundundan biri yaxınlıqdakı söyüd ağacından asılmışdır, digəri isə sürgün edilmişdir. Bir müddət ibadətgah Qalina adlı rus qadına mənzil əvəzi verilmişdi.
Məscid sal daşlardan tikilib. İbadətgahın nə minarəsi, nə də ki günbəzi var. Məscidin dəstəmazxanasına giriş çöldəndir. Qadınların ibadət zalına giriş ayrıdır və məscidin çöl hissəsində yerləşir.
Sovet dövründə məscid karton fabriki, anbar və Rus Dram Teatrının rəssamlıq sexi kimi istifadə olunub. 1992-ci ildə yerli əhalinin təşəbbüsü ilə məscidin fəaliyyəti bərpa edilib.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Hafiz Sadıqov. KƏRBƏLAYI ABDULLA. “Kəlam” jurnalı. 1 avqust 2012.
- Dilarə Ağamusa Nağıyeva. Zamanın sorağında. Bakı – 2011.
- Cəfərov N. Qırıcı aeroplan pilotu (Ruqiyyə Zərbəliyeva haqqında) “Kommunist” qəzeti. 8 mart 1940.