Bakı şəhəri Hacı Sultanəli məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Bakı şəhəri Hacı Sultanəli məscidiMəscid Bakı şəhəri, Salatın Əsgərova küçəsi 75-də yerləşir. İbadət evi 1904-1910-cu illərdə inşa edilib. İbadət evi Bakının imkanlı şəxslərindən biri hesab edilən Hacı Sultanəli Haşim tərəfindən inşa edilib. Layihənin memarı Zivər bəy Əhmədbəyov olmuşdur.

Məscidin bünövrəsi dördbucaq formadadır, abidə yeddi mərtəbəli ev hündürlüyündədir. İnşa zamanı məscidin minarəsi yox idi. Lakin 1996-cı ildə ibadətgahın kənarında 35 metrlik minarə ucaldılıb. İbadət evinin günbəzi səma rəngindədir və onun 12 pəncərəsi var. Məscidin daxili 12 sütun və tağlardan ibarətdir.

Abidə iki mərtəbəlidir. Birinci mərtəbəsi kişilərin, ikinci mərtəbəsi isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Dəstəmazxana məscidin ön həyətində yerləşir. Arxa həyətdə isə meyityuma və kəfənləmə otaqları fəaliyyət göstərir.

1918-ci ildə Sultanəli məscidi təmir edilib. Təmir zamanı indiki minarənin yanında türk əsgərinin qalıqları aşkar edilib. Əsgərə hörmət əlaməti olaraq onun cəsədi məscidin kənarında dəfn olunub.

Hacı Sultanəli məscidi Avropa, şərq və yerli memarlıq üslubunda tikilib. Bənzər məscidlər Bakının Balaxanı kəndində və Ləhic massivində mövcuddur. Ləhicdə yerləşən məscid, həmçinin Hacı Sultanəli tərəfindən tikilib. Xeyriyyəçi 1921-ci ildə ürək tutması səbəbindən dünyadan köçüb və Ləhic məscidinin yaxınlığında dəfn edilib.

Bakı şəhəri Hacı Sultanəli məscidi ölkə əhəmiyyətli abidə hesab edilir. Lakin ibadət evinin tablosunun üzərində onun yerli əhəmiyyətli abidə olması qeyd olunub.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
  3. http://www.mct.gov.az