Bakı şəhəri Hacı Əjdərbəy məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Bakı şəhərində, Səməd Vurğun küçəsi, 78-də yerləşir. İbadət evi 1912-1913-cü illərdə xeyriyyəçi Hacı Əjdər bəy Xocabəy oğlu Aşurbəyovun hesabına inşa edilib. Layihənin memarı Zivər bəy Əhmədbəyov olub.

Məzhəbindən aslı olmayaraq müsəlmanların birlikdə namaz qılması üçün inşa edilən ibadətgahın ilk adı “İttifaq” məscidi idi. Hacı Əjdərin vəfatından sonra bu məscidi “Əjdərbəy” adlandırdılar. Günbəzinin rənginə görə, buraya həmçinin “Göy məscid” də deyirlər.

Hacı Əjdərbəy bacısı Nabat Aşurbəyovaya Təzə Pir məscidinin tikintisində maddi kömək etmək istəyib. Lakin Nabat xanım bu təklifi qəbul etməyib və qardaşına deyib: “Əgər belə imkanınız və hünəriniz varsa, gedin, özünüz bir məscid tikin“. 1905-ci ildə Hacı Əjdərbəy məscid tikmək qərarına gəlib.

Sovet dövründə məscid kazarma kimi istifadə olunmuşdu. İbadətgahın daxilində İslama zidd elementlər vurulmuşdu. İkinci Dünya müharibəsindən sonra məscidin fəaliyyəti bərpa olunub.

2007-2011-ci illərdə ibadət evi əsaslı təmir edilib. Məscidin sahəsi 4 min kvadratmetrədək genişləndirilib. Əvvəllər ibadətgahda 400, təmirdən sonra isə 3 min insanın eyni anda ibadət etməsi mümkün olub. İbadət evinin həyətində də namaz qılmaq üçün yer ayırılıb. Məscidin iç divarlarının üzərində Quran ayələri həkk olunub.

Əjdərbəy məscidini Mədinə şəhərindəki Peyğəmbər məscidinə oxşadırlar. İbadətgah ölkə əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://report.az
  3. http://www.dqdk.gov.az
  4. http://www.mct.gov.az
  5. https://president.az