Məscid Bakı şəhərində, Səməd Vurğun küçəsi 78-də yerləşir. İbadət evi 1912-1913-cü illərdə xeyriyyəçi Hacı Əjdər bəy Xocabəy oğlu Aşurbəyovun hesabına inşa edilib. Layihənin memarı Zivər bəy Əhmədbəyov olub.
Məzhəbindən asılı olmayaraq müsəlmanların birlikdə namaz qılması üçün inşa edilən ibadətgahın ilk adı “İttifaq” məscidi idi. Hacı Əjdərin vəfatından sonra bu məscidi “Əjdərbəy” adlandırılıb. Günbəzinin rənginə görə buraya “Göy məscid” də deyirlər.
Hacı Əjdərbəy bacısı Nabat Aşurbəyovaya Təzə Pir məscidinin tikintisində maddi yardım göstərmək istəyib. Lakin Nabat xanım bu təklifi qəbul etməyib və cavabında deyib: “Əgər belə imkanınız və hünəriniz varsa, gedin özünüz bir məscid tikin“. 1905-ci ildə Hacı Əjdərbəy məscid tikmək qərarına gəlib.
Sovet dövründə ibadətgah kazarma kimi istifadə olunub. İbadət evinin daxilində isə İslama zidd elementlər vurulmuşdu. Lakin İkinci Dünya müharibəsindən sonra məscidin fəaliyyəti bərpa edilib.
2007-2011-ci illərdə ibadət evində əsaslı təmir işləri görülüb. Məscidin sahəsi 4 min kvadratmetrədək genişləndirilib. Əvvəllər burada 400 nəfər ibadət edə bilirdi. Təmirdən sonra isə məsciddə eyni anda 3 min insanın ibadət etməsi mümkün olub. İbadət evinin həyətində də namaz qılmaq üçün yer ayrılıb. Məscidin iç divarlarının üzərində Quran ayələri həkk olunub.
Əjdərbəy məscidini Mədinə şəhərindəki Peyğəmbər (s) məscidinə oxşadırlar. Hacı Əjdərbəy məscidi ölkə əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://report.az
- http://www.dqdk.gov.az
- http://www.mct.gov.az
- https://president.az