Türbə Bərdə şəhərinin mərkəzində, Torpaqqala kompleksində yerləşir. Məqbərə 1322-ci ildə memar Əhməd Əyyub Hafiz tərəfindən inşa olunub. Bu türbəni “Nüşabə qalası” da adlandırırlar.
Onun üzərində 200-dən çox “Allah” sözü yazılıb və bu sözü bütün istiqamətlərdən oxumaq mümkündür. Bu səbəbdən türbəyə “Allah-Allah” da deyirlər.
Abidənin kitabəsi dağıldığından, onun kimin şərəfinə tikildiyi məlum deyil. Lakin ehtimal olunur ki, məqbərə Elxanilər sülaləsindən bir nəfər üçün inşa edilib.
Abidə şərqşünas B.A.Dorn tərəfindən 1861-ci ildə Qafqaza səyahəti zamanı təsvir edilib. Şərqşünas məqbərənin girişinin üstündə hicri-qəməri təqvimi ilə VIII (XIV) əsrə aid əlyazma ilə ərəb yazısının olmasını qeyd edib. O, “gələcək nəsillər üçün” abidənin rəsmlərini çəkib.
Türbə dəyirmi formadadır. Məqbərənin tikintisində kərpic və firuzə rəngində kaşıdan istifadə olunub. Türbənin hündürlüyü 13 metr təşkil edir. Türbə silindrik gövdədən və konusşəkilli günbəzdən ibarətdir. Məqbərə çoxrəngli kəsmə mozaika ilə bəzədilib. Məqbərə yeraltı və yerüstü hissələrə bölünür. Yeraltı hissədə sərdabə, yerüstü hissədə isə xatirə abidəsi yerləşir.
1960-cı illlərdə burada təmir işləri aparılıb. Lakin bərpa işlərinin səhv görüldüyündən məqbərənin görkəmi dəyişikliyə məruz qalıb. Daha sonra 2012-ci ildə türbədə təmir işləri aparılıb.
2018-ci ildə türbə bərpa olunub. Abidənin bərpası prosesində istifadə olunan materiallar, əsasən Təbriz və Zəncan şəhərlərindən gətirilib. Türbənin qədimliyini qorumaq məqsədi ilə onun bərpasında xususi qarışıqdan alınan məhluldan və keçi tükündən istifadə olunub.
Bərdə türbəsi dünya əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbələr:
- Б.А.Дорн. Отчет об ученом путешествии по Кавказу и южному берегу Каспийского моря. Санкт-Петербург-1861.
- Bərdə və bərdəlilər. Bakı-2010.
- https://iranicaonline.org
- https://sputnik.az
- https://www.youtube.com
- https://www.youtube.com