Məscid Astara şəhərinin ərazisində yerləşir. İbadət evi XIX əsrdə yerli sakinlərin təşəbbüsü ilə inşa edilib. İbadətgahın hörmə və xarratlıq işləri yerli ustalar tərəfindən görülüb.
Məsciddə eyni anda 200 nəfər ibadət edə bilər. İbadət evi düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadətgahın tavanı taxtadan, dam örtüyü isə kirəmitdəndir. Tavan üç sütun üzərində dayanır. Məscidin ön tərəfində açıqşəkilli eyvan yerləşir. İbadətgahın taxtadan tağvari formada iki giriş qapısı və altı pəncərəsi var. Qapıların üst hissəsi və pəncərələr şəbəkə ilə işlənib. İbadət evinin bir yardımçı otağı var. Məscidin ibadət zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi kişilər şöbəsindən pərdə ilə ayrılır və oraya giriş məscidin sol tərəfindəki qapısındandır. İbadətgahın mehrabı, minbəri və altıguşəli günbəzi var. Günbəzin üstündə aypara rəmzi quraşdırılıb.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.