Astara rayonu Siyaku kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Astara rayonunun Siyaku kəndinin ərazisində yerləşir. İbadət evi 1905-ci ildə inşa olunub.

İbadətgah kənd sakini Şeyx Məhəmmədin təşəbbüsü ilə tikilib. Şeyx Məhəmməd Misirdə, Mədinədə, İstanbulda təhsil alıb və öz məscidində dini dərsləri təşkil edib. Deyilənə görə, xeyriyyəçi Zeynalabdin Tağıyevin dəvətilə Şeyx Məhəmməd onun yanına gedib. Məscidi ziyarət edənlərin biri Şeyxi sorğu-suala çekib və onun kəramət və elm sahibi olduğunu görüb. Tağıyev Şeyxin elmi biliklərini bəyənərək onun ehtiyaclarını soruşub. Şeyx ondan məscidin tavanını təmir etmək üçün kömək istəyib. Tağıyev paraxodla Astaraya təmir üçün materiallar göndərib. Şeyx təmirdən sonra qalan materialları qonşu kəndlərin məscidlərinə paylayıb.

Sovet dövründə məscid anbar kimi istifadə olunub, din xadimləri isə işgəncələrə məruz qalıblar. Şeyx Məhəmməd Quran və digər dini vəsaitləri gizlədərək, ailəsi ilə birgə qonşu kəndə köçüb. 1949-cu ildə Şeyx vəfat edib.

İbadətgah tutumuna görə rayonun ən iri məscidlərindən biri hesab edilir. Məsciddə eyni anda 240 nəfər ibadət edə bilər. İbadət evinin həyət sahəsi 1000 kv. metr, iç sahəsi isə 250 kv. metrdir. İbadətgah düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. Məscidin damı qırmızı kirəmitlə örtülüb, tavanı isə taxtadandır və üç taxta sütun üzərində dayanır. İbadət evinin açıqşəkilli eyvanı, yeddi pəncərəsi və bir giriş qapısı var. Qapının üst hissəsi və pəncərələr şəbəkə ilə işlənib. Məscidin üçpilləli minbəri taxtadandır. Qadınlar şöbəsi ikinci mərtəbədə yerləşir. İbadətgahda mədrəsə fəaliyyət göstərir.

1987-ci ildə məscid kənd sakinləri tərəfindən təmir olunub.

Astara rayonu Siyaku kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.