Məscid Astara rayonunun Şahağac kəndində, Yalçın Nəsirov küçəsində yerləşir. İbadət evi 1901-ci ildə yerli sakin Mirəhməd xan Talışxanov tərəfindən inşa edilib.
İbadətgah düzbucaqlı formadadır. Məsciddə eyni anda 200 nəfər ibadət edə bilər. İbadət evi iki hissədən ibarətdir: kişilər və qadınlar şöbələri. Qadınlar şöbəsi ikinci mərtəbədə yerləşir və əsas zaldan taxta arakəsmə ilə ayrılıb. İbadətgahın minbəri taxtadan hazırlanıb və üçpilləlidir. Məscidin döşəməsi kərpicdən, tavanı isə taxtadandır. Tavan dörd taxta sütun üzərində dayanır.
İbadətgahın iki giriş qapısı və dörd geniş pəncərəsi var. Məscidin kərpicdən olan 12 metr hündürlüyündə bir minarəsi var, günbəzi isə yoxdur. Minarənin üst hissəsi səkkizguşəlidir və ətrafında yeddi pəncərə yerləşir. İbadət evinin damı yaşıl rəngli kirəmitlə örtülüb.
Sovet dövründə məscid anbar kimi istifadə edilib. Lakin 1987-ci ildə ibadət evinin fəaliyyəti bərpa olunub. 1988-ci ildə isə ibadətgahda dövlət hesabına təmir-bərpa işləri görülüb.
Astara rayonu Şahağac kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- http://www.mct.gov.az