Məscid Astara rayonunda, Pensər kəndinin Seyid Cəmaləddin Qaraxan küçəsində yerləşir. İbadət evi hicri-qəməri təqvimi ilə 1304-cü ildə (1886) kənd sakini Hacı Cahanbaxış tərəfindən inşa edilib.
Məsciddə eyni anda 200 nəfər ibadət edə bilər. İbadətgah düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. Məscidin döşəməsi kərpicdən, tavanı isə taxtadandır. Tavan dörd sütun üzərində dayanır. İbadət evinin damı kirəmitlə örtülüb. İbadətgahın taxtadan tağvari formada pəncərələri və üç giriş qapısı var. Qapıların üst hissəsi və pəncərələr şəbəkə ilə işlənib. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün onun önünə dam artırılıb.
İbadət evi iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi ikimərtəbəlidir və oranın girişi ayrıdır. İbadətgahın mehrabı və dördpilləli minbəri var. Məscidin günbəzi dördguşəlidir və güldəstə formasındadır. Günbəzin üst hissəsi kirəmitlə örtülüb.
İbadətgahın ərazisində hüseyniyyə binası da mövcuddur.
Sovet dövründə məscid anbar, 1984-cü ildən isə kitabxana kimi istifadə edilib. 1994-cü ildə məscidin fəaliyyəti bərpa olunub.
Astara rayonu Cahanbaxış məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- http://www.mct.gov.az
- https://cenub.az