Ağsu rayonu Şeyx Dursun türbəsi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Türbə Ağsu rayonunda, Kövlüc kənd yolunun kənarında yerləşir. Ziyarətgah 1399-cu ildə inşa edilib. Burada Şeyx Dursun ibn Əhməd Padar adlı şəxs dəfn olunub. Bunu türbənin üzərindəki kitabənin yazısı da təsdiq edir. Kitabədə yazılıb: “Bu xoş rayihəli müqəddəs və işıqlı məqbərə övliyaların görkəmlisi şeyx Dursun ibn Əhməd Parandarındır. Onun vəfatı haram zilhiccə ayı, yeddi yüz birinci (VIII-IX 1399) ildə baş vermişdir”.

Şeyx Dursunun sufi şeyxlərindən biri olduğu bildirilir. Hal-hazırda onun məzarı insanların ziyarətgahına çevrilib. Şeyx Dursun barədə akademik B.Dornun Şamaxı şeyxləri barədə yazdığı arayışında məlumat verilib. Onun övliya (Allah dostu) və ruhani alim olduğu bildirilib. Şeyxin əslən Şirvandan, Xançobanı mahalının Padar tayfasından olduğu qeyd olunub. Şeyx Dursunun nəslindən gələn şəxslər Şamaxının Kalaxana kəndindəki məşhur “Yeddi günbəz” türbələr kompleksində dəfn ediliblər.

Padar tayfası XVI-XVII əsrlərdə Səfəvilər tərəfindən İrandan Azərbaycana köçürülüblər. Onları Azərbaycanın şimal bölgələrinə ləzgilərin basqınlarını dəf etmək üçün köçürüblər .

Türbə ağ daşdan tikilib və səkkizguşəli formadadır. Ziyarətgahın damı prizma formasındadır. Türbənin qapısı yonulmuş üç bütöv daşdan ibarətdir.

2018-ci ildə türbədə təmir işləri aparılıb.

Ağsu rayonu Şeyx Dursun türbəsi ölkə əhəmiyyətli abidə hesab edilir.

 Mənbələr:

  1. Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-2010.
  2. Məmmədova Şərqiyyə. Azərbaycan tarixi-memarlıq abidələri. Bakı-2008.
  3. TARİXİ ABİDƏ BƏRPA OLUNDU – YouTube
  4. Şeyx Dursun məqbərəsi – Qəbiristan | Kataloq GoMap.Az