Abşeron rayonu Xırdalan Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Abşeron rayonunun Xırdalan qəsəbəsində yerləşir. İbadət evi hicri-qəməri təqvimi ilə 1263-cü (1842) ildə inşa edilib. İbadətgah Axund Hacı Molla Qafur Molla Ələskər oğlu adlı şəxsin təşəbbüsü ilə kənd sakinləri tərəfindən tikilib.

Məscid ikimərtəbəlidir və daşdan inşa edilib. İkinci mərtəbədə qadınların ibadət zalı yerləşir. İbadət evinin tavanı sal daşlardan hazırlanmış dörd sütun üzərində dayanır. İbadətgahın bir günbəzi və bir minarəsi var. Günbəzin daxili hissəsində dairəvi istiqamətdə dörd dəfə “kəlimeyi-şəhadət” yazılıb. Günbəz dörd pəncərədən ibarətdir. Pəncərələr naxışlıdır və rəngli şüşələrlə işlənib. Məscidin minarəsinin hündürlüyü 32 metrdir. İbadət zalında 4 metr hündürlüyündə mehrab və yeddipilləli minbər yerləşir. Minbəz qoz ağacından hazırlanıb və üzərində 1324-cü il (1906) tarixi həkk edilib. Deyilənə görə, minbər usta Hacı Əbdülbaqi Hacı Hüseyn Əli oğlu tərəfindən hazırlanıb.

Sovet dövründə ibadət evi kolxozun taxıl anbarı kimi istifadə edilib. 1937-ci ildə məscidin minarəsi sökülüb. Sökülən minarənin materialları məktəbin inşasında istifadə edilib. Sovet hakimiyyəti dağıldıqdan sonra məsciddə bərpa işləri görülüb və yeni minarə ucaldılıb.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2020.
  2. “Xırdalan Cümə” məscidi (scwra.gov.az)