Abşeron rayonu Hacı Səfərəli məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Abşeron rayonu Hacı Səfərəli məscidiMəscid Abşeron rayonunun Novxanı kəndinin Əsgər Abuzərov 60 küçəsində yerləşir. İbadətgah 1865-ci ildə usta Ağa Məhəmməd Qulu oğlu tərəfindən kiçik təkyə kimi tikilib. 1882-ci ildə isə həmin tikilinin yanında daha bir təkyə inşa olunub. Buraya eyvan və ibadət zalı əlavə edilib, təkyənin şimal divarından dama qalxmaq üçün daş pilləkən salınıb. 1904-cü ildə kənd sakini Hacı Səfərəli adlı şəxs tərəfindən məscidin inşası sona çatdırılıb. O, təkyələrə bitişik yeni bir ibadət zalı və mədrəsə inşa etdirib.

Hacı Səfərəli vəfat etdikdən sonra məscidin həyətində dəfn olunub. Sonralar öz vəsiyyətinə əsasən, onun qəbri Kərbəla şəhərinə köçürülüb. 1987-1988-ci illərdə aparılan bərpa işləri zamanı Hacının və gəlininin başdaşları məscidin həyətində tapılıb.

İbadət evi düzbucaqlı formadadır və ön tərəfində dörd kitabə mövcuddur. Məscidin içərisində dörd sütun var. İbadətgahın sütunları tağlar ilə bir-biri ilə birləşir. İbadət evi iki hissəyə bölünür: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi birinci və ikinci mərtəbədə yerləşir. Məscidin minarəsi dəmir və betondan inşa olunub, hündürlüyü isə 31 metr təşkil edir. Günbəzin üzərində kvadrat formada səkkiz pəncərə var.

Sovet dövründə məscid anbar kimi istifadə olunub.

1987-1988-ci illərdə məscid Hacı Məmmədəli Manafov adlı şəxs tərəfindən bərpa edilərək, istifadəyə verilib. 1994-cü ildə Hacı Azər Novruzov adlı şəxsin vəsaiti hesabına məscidin cənub tərəfində minarə tikilib.

2005-ci ildə Hacı Vəli Nağıyevin adlı şəxsin təşəbbüsü ilə məsciddə yenidən təmir-bərpa işləri görülüb. 2007-ci ildə isə burada yenidənqurma işləri aparılıb.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az
  3. https://scwra.gov.az
  4. http://novxanililar.narod.ru
  5. http://web2.anl.az:81