Məscid Bakının Sabunçu rayonunda, Əmircan qəsəbəsinin Əmir Nizaməddin küçəsində yerləşir. İbadət evi XIV əsrdə inşa edilib. İbadətgah Əmircanda sayılıb-seçilən Əmir Nizaməddin Kəsrani tərəfindən tikilib. Məsciddəki ərəb dilində yazılmış kitabələrdən birinin ikinci sətrində belə yazılıb: “Bu Allah evinin tikilməsini əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmirhac əmr etdi – hicri-qəməri 730-cu il”. İbadət evinin ustası Abbas Əli adlı şəxsdir.
İbadətgahın fasad hissəsi yonulmuş əhəng daşları ilə hörülüb və ağ rənglə işlənib. Məscidin dörd giriş qapısından üçünün üstündə daş kitabələr var. İbadət evinin mehrabının üstündə, bir neçə yerdə ərəbcə “Allah” adı yazılıb. Mehrabın üst hissəsindəki daş kitabə başıaşağı vəziyyətdədir. Yerli sakinlərin bildirdiyinə görə, bu, sonralar təmir zamanı ermənilər tərəfindən edilib. Məscidin günbəzinin diametri 6 metrdir.
Tədqiqatçı Faiq Nəsibovun sözlərinə görə, 1835-ci ildə məscid Şərifəddin adlı şəxs tərəfindən təmir edilib və əlavə kiçik bina tikilib. Məscidin üzərində başqa kitabələr də var. Tədqiqatçı bu haqda belə deyir: “Demək, əsrlər ərzində məscidə müxtəlif müdaxilələr edilib və edilən müdaxilələr müxtəlif kitabələrdə qeyd edilib. Məscidin 1876-cı ildə Məhəmməd Nağı tərəfindən yazılmış kitabələrinin birinin üzərində qeyd edilib ki, “həqiqətən bu məscidi Hacı Rəsul qızı Fatma xanım tikdirib””.
Nəsibov əlavə edib ki: “Fatma xanım təmir edərək cənub tərəfə genişləndirib. Qısası görünən odur ki, məscidi kim təmir etdiribsə, öz adını ora yazdırmağı özünə borc bilib”.
XX əsrin əvvəllərində bu məscid yenidən təmir olunub. İbadətgahın qərb tərəfindəki eyvanın mərkəzində Nizaməddinin tikdirdiyi qapının qarşısında dörd daş sütundan ibarət giriş yeri düzəldilib. Bu barədə qapının üstündəki ərəb əlifbası ilə yazılmış kitabədə qeyd edilib: “Bu portalı Rizvan oğlu Hacı Xələf bina etmişdir”.
Əmircan qəsəbəsi Nizaməddin məscidi ölkə əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- sputnik.az
- kataloq.gomap.az