Məscid Bakının Əmircan qəsəbəsində, Molla Pənah Vaqif küçəsində yerləşir. İbadətgah həmçinin “Minarəli məscid” kimi də tanınır.
1901-ci ildə yerli əhali məscidin tikintisinə başlamışdır. Lakin sonradan tikintini sona çatdırmaq üçün maliyyə vəsaiti qalmamışdır. Əhali neft milyonçusu Murtuza Muxtarova bu haqda danışır. Milyonçu məscidin tikilməsini öz üzərinə götürür. 1908-ci ildə məscidin inşası memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında başa çatır. Məscidin açılışında əmircanlı axund Əbu Turab minbərə qalxaraq ilk xütbəni oxuyub.
Burada Murtuza Muxtarov namaz qılar, dualar edərdi. Onu ölümündən sonra bu məscidin həyətində dəfn ediblər.
Muxtarov bu ibadətgaha Quran hədiyyə etmişdi. İbadət evinin inşası zamanı həmin Quran kitabı Türkiyənin İstanbul şəhərində sifarişlə hazırlanmışdı. Yerli əhalinin sözlərinə görə, həmin Quran 25 kq ağırlığında idi. Hazırda bu kitab məsciddə saxlanılır. Quranda Allah kəlmələri bütünlüklə qızıl suyu ilə yazılıb.
Məscidin şəbəkəli 2 qapısı və 16 pəncərəsi var. İbadətgahın bir günbəzi və 47 metr hündürlüyündə qoşa minarəsi var. Minarələrə qalxan pilləkənlərin sayı 140-a çatır. İbadət evinin sağ və sol tərəflərində ərəbcə Peyğəmbərlərə salam, yeganə olaraq burada ərəb dilində həkk olunub. Mehrabın yuxarısındakı dairə isə Allahın varlığına, 4 tağ əsas peyğəmbərlərə, 4 nazik sütun müqəddəs kitablara, onların altındakı nazik xətlər isə 12 İmama işarədir.
Sovet dövründə məsciddən toxuculuq sexi, 1985-1988-ci illərdə isə rəssam Səttar Bəhlulzadənin sərgi salonu kimi istifadə olunub.1989-cu ildən ibadətgah fəaliyyətini bərpa edib.
Murtuza Muxtar məscidi ölkə əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://medeniyyet.az
- https://scwra.gov.az
- http://www.mct.gov.az