Besət - Göndərmə, göndərilmə, dirilmə. Allah tərəfindən Peyğəmbərlərin göndərilməsini, xüsusilə, Həzrət Məhəmmədin (s) peyğəmbərlik vəzifəsi ilə göndərilməsini bildirən dini termindir.
Beyət - Qəbul etmək, razı olmaq və təsdiq etmək mənalarını bildirir.
Beytül-mal - Ərəb dilindən hərfi tərcüməsi "mal-dövlət evi" deməkdir. Dini mənbələrdə bu söz İslam dövlətinin xəzinəsi mənasında işlədilir.
Bəda - Ərəb dilindən tərcüməsi "zahir olma, aşkara çıxma" deməkdir. Allah-təalanın qeyri-mütləq qəzavü-qədərinin müəyyən səbəblər üzündən dəyişməsinə deyilir.
Bərat gecəsi - Müsəlmanların günahlardan xilas olub Allahın əvfimə nail olacaqları barədə Peyğəmbərə (s) müjdə verilmiş gecə, şaban ayının 15-ci gecəsi. Məhəmməd Peyğəmbər (s) bərat gecəsində oyaq qalıb ibadətlə məşğul olmağı tövsiyə etmişdir. Şiə məzhəbində şaban ayının 15-i on ikinci İmam Həzrət Mehdinin (ə.s) doğum günü kimi qeyd edilir.
Bərzəx - Ərəb dilindən tərcüməsi "iki şeyi birbirindən ayıran maneə" deməkdir. Coğrafiyada iki su hövzəsini ayıran quru parçasına bərzəx deyilir. Dini anlamda bərzəx ölümdən sonrakı həyatın bir mərhələsidir.
Bəsirət - Ərəb dilindən tərcüməsi "görmək"dir. Dini ədəbiyyatda "bəsirət" sözü qəlbin "görməsi", yəni hadisələrin və əşyaların mahiyyətinə nüfuz etmək, əsl mənasını anlamaq mənalarında işlədilir. Bəsirətli insan hissləri, duyğuları, vicdanı oyaq olan, başqalarının görə bilmədiyi mənaları duyan şəxsdir.
Bəsmələ - "Bismillahir-Rəhmanir-Rəhim"ayəsinin qısaldılmış formasıdır.
Bidət - Ərəb dilindən tərcüməsi “yenilik” deməkdir. Əksəriyyət tərəfindən mənimsənilmiş əqidələrə, adət və qanunlara zidd olan hadisə.
Cahiliyyət - Cahil sözü ərəb dilində "bilməyən" mənasında işlənir. Cəhalət isə "bilməmək", "məlumatsızlıq" və bəzən "azğınlıq" mənasını verir.