Lüğət

Əba - Müsəlman Şərqində geniş yayılmış üst geyim növü. Uzun ətəkli, qollu, geniş ölçülü və bir qayda olaraq, düyməsiz tikilir.

Əbd - Ərəb dilindən tərcüməsi “kölə, qul, bəndə” deməkdir.

Əcəl - Lüğəvi mənası “əvvəlcədən təyin edilmiş zaman və müddət” deməkdir. Termin kimi insan həyatını, digər canlılar üçün müəyyənləşdirilmiş yaşayış müddətini və bu müddətin sonunu, yəni ölüm anını ifadə edir.

Əcəm - "Ərəb" sözünün qarşılığı olaraq işlədilir. Ərəblər öz millətlərindən olmayan hər kəsə əcəm deyirdilər.

Əcr - Lüğəvi mənası "əvəz, qarşılıq, mükafat" deməkdir. Dini terminologiyada bu dünyada və axirətdə imana və saleh əməllərə görə Allah tərəfindən verilən mükafatı bildirir.

Əda - Lüğəvi mənası “bir şeyi öz yerinə qoymaq, borc və ya öhdəliyi yerinə yetirmək, ödəmək” mənalarını verir.

Ələm - Ərəb dilindən tərcümədə bir neçə mənaya malikdir: nişan, məşhur, nəslin, qəbilənin böyüyü, ağsaqqalı, parçanın naxışı, bayraq və s. Dini və tarixi kitablarda daha çox sonuncu mənada işlədilir. Ümumiyyətlə, ərəb dilində bayraq mənasını verən çoxlu söz vardır (məsələn: rəyə, liva, ələm və s.).

Əmmamə - Baş geyimi. Uzun parça zolağını halqa şəklində üst-üstə dolamaqla hazırlanır. Keçmişdə müxtəlif təbəqələrin nümayəndələri (hökmdarlar, saray əyanları, dövlət adamları, şair və ədiblər, xüsusilə, ruhanilər) başlarına əmmamə qoyardılar.

Ənsab - "Əsil-nəcabət, soykökü" mənasını bildirən "nəsəb" sözünün cəmidir.

Əqaid - "Əqidə" kəlməsinin cəmidir.

lügət