İslam baxımından kamil insanı tanımaq üçün iki yol vardır. Quran və sünnədə “kamil insan” deyil, «kamil müsəlman» ifadələrinin işlədilməsinə baxmayaraq, biz ilk növbədə Quranın, sonra isə sünnənin kamil insanı necə vəsf etdiyini araşdırmalıyıq. Hər halda «kamil müsəlman» islamda kamala çatmış, “kamil mömin” isə iman sayəsində təkamülə çatmış insan deməkdir. Biz Quran və ya sünnənin kamil insanı hansı xüsusiyyətlərlə vəsf edərək tanıtdırdığı və onun üçün hansı cizgilər müəyyənləşdirdiyini öyrənməliyik. Xoşbəxtlikdən bu barədə Quran və sünnədə kifayət qədər məlumatlar vardır.