Qədim Hind, Çin, Rum və ərəb cəmiyyətlərində qadına elə anormal münasibətlər olub ki, indi də dünyanın bəzi nöqtələrində həmin münasibətlərə təsadüf edilir. Bu baxışlara əsasən daim kişinin xidmətində dayanmağa borclu olan qadın, heyvan kimi bir mövcud sayılır. Buna görə də qadın bütün fərdi və ictimai hüquqlardan məhrum edilmiş, hətta öz talehini müəyyənləşdirmək haqqına malik olmamışdır. Axı əslində insan hesab edilməyən qadın hansı insani hüquqlara malik ola bilərdi! Sadalanan cəmiyyətlərdən bəzilərində qadın şəxsiyyəti o qədər süqut etmişdi ki, onun həyatı da kişidən asılı idi. Bəzən ehtiyac üzündən qadını öldürüb, əti ilə qidalanardılar. Hindistanda əri ölmüş qadını ərinin cəsədi ilə birlikdə yandırar, ya da zillət içində buraxardılar. Tarixi mənbələrdə bu faktlar şahidlər tərəfindən təsdiq edilir.