Bu gün, səfər ayının 28-i (sentyabrın 25-i) Məhəmməd Peyğəmbərin (s) vəfatının ildönümüdür.

İslam Peyğəmbəri (s) “amul-fil” (fil ili) ilində Rəbiul-əvvəl ayının 17-də (miladi təqvimi ilə 570-ci il), cümə günü Məkkə şəhərində dünyaya gəlib. O, Ərəbistanın Qureyş qəbiləsinin Bəni-Haşim sülaləsindən olub. Atasının adı Abdullah, anasının adı isə Aminə idi. Peyğəmbərin öz adı Məhəmməd, künyəsi Əbülqasim, ləqəbləri isə Əhməd və Mustafa olub. Allah Rəsulunun adı Quranda beş dəfə çəkilir. Onların dördündə Məhəmməd, birində isə Əhməd olaraq qeyd olunub.

Həzrət Məhəmməddən öncəki Peyğəmbərlər (ə.s) insanları onun dünyaya gələcəyindən agah ediblər. Bu barədə Quranda İsa Peyğəmbərin (ə.s) öz ümmətinə müraciəti yazılıb: “Mən sizi məndən sonra gələcək bir Peyğəmbərlə müjdələyirəm, onun adı Əhməddir”. Allahın Rəsulu dünyaya gəldikdə bir sıra hadisələr baş verib. Həmin gün Kəbədə olan bütlər aşıb, Kəsra eyvanının 14 sütunu sınıb və min illik fars atəşgahı sönüb.

Peyğəmbər (s) 40 yaşında ikən ilk öncə ailəsinə, daha sonra isə insanlara peyğəmbərliyini bəyan edib. Hər bir Peyğəmbərin bir möcüzəsi olduğu kimi, İslam Peyğəmbərinin də Quran kitabı olub. Bu kitab Allah tərəfindən ona nazil olan şeir üslubunda ayələrdən ibarətdir.

Peyğəmbərin (s) yaşadığı zəmanədə ərəblər arasında şeir böyük əhəmiyyət kəsb edirdi. İnsanlar Quran ayələrini eşitdikdə təəccüb edirdilər və bunun insan tərəfindən yazılmadığına iman gətirirdilər.

13 il Məkkədə ömür sürən və oranın əhalisinin əlindən müsibətlərə məruz qalan Peyğəmbər (s) Mədinə şəhərinə köçüb. Həmin gün İslam təqviminin (hicri-qəməri təqvimi) ilk günü olaraq tarixə düşüb. Bu gün bu təqvim bir sıra ölkələrin rəsmi təqvimi hesab edilir.

Məhəmməd Peyğəmbər (s) dünyasını hicrətin 11-ci ilində səfər ayının 28-i dəyişib. Bəzi mənbələrdə onun bir qadın tərəfindən zəhərlənərək öldürüldüyü bildirilir. Həzrəti Məhəmməd başını İmam Əlinin (ə.s) sinəsinə qoyaraq can verib. Onun qüslunu verən və cənazə namazını qılan şəxs də məhz Həzrət Əli olub. Allahın Rəsulu Mədinə şəhərində, yaşadığı evdə dəfn edilib.