Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Yeni Günəşlidəki Xanım Zəhra məscidinə təyin olunan yeni din xadimləri haqqında məlumat paylaşıb. Məlumata əsasən, məscidə təyin olunan din xadimlərinin ikisi Bakı İslam Universitetinin, biri isə Azərbaycan İlahiyyat İnstitutunun məzunudur. Bu barədə sentyabrın 23-də Dövlət Komitəsinə istinadən Sirat.az xəbər verir.
Məscidin imam vəzifəsinə təyin olunan Mirnasir Mirbağır oğlu Nağıyev 1994-1998-ci illərdə Bakı İslam Universitetində təhsil alıb. Daha sonra o, təhsilini Misirin Əl-Əzhər Universitetində davam etdirib. 2021-ci ildə həmin universitetin aspiranturasını bitirib. 2012-2017-ci illərdə isə Mirnasir Nağıyev Qafqaz Müsəlmanları İdarəsində çalışıb. Onun, həmçinin Birinci Qarabağ müharibəsi iştirakçısı olduğu bildirilib.
İmam müavini vəzifəsinə təyin olunan iki nəfərdən biri isə İlahiyyat İnstitutunun məzunu Fərid Əli oğlu Qasımzadədir. O, 4 iyun 2001-ci il tarixində Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. Orta təhsilini Lənkəranda alan Fərid Qasımzadə 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” ixtisasına qəbul olub. Məzun olduqda isə “Dinşünaslıq” ixtisası üzrə İnstitut birincisi olub və ali təhsil müəssisəsini “Qırmızı diplom”la bitirib.
Məscidə təyin olunan ikinci imam müavini Ayaz Gülağa oğlu Həşimovdur. O, Bakı İslam Universitetinin məzunu olub. Hərbi xidməti başa vurduqdan sonra isə Ayaz Həşimov 5 il müddətində Bakının Heydər məscidində din xadimi kimi çalışıb.
DQİDK tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydası”na uyğun olaraq mayın 24-də müsahibə elan edilib. Yuxarıda adları qeyd olunan şəxslərin müsahibədən uğurla keçdiyi və sentyabrın 21-də Xanım Zəhra məscidinə din xadimi kimi təyin olunduqları bildirilib.
Qeyd edək ki, məscid əhlisinin əksəriyyəti əvvəlki axundların (Hacı Surxay və Hacı İlqar) vəzifədən kənarlaşdırılması qərarına etiraz ediblər. Bu etiraz həm yeni din xadimlərinin təqdimatı günündə, həm də sosial şəbəkələrdə öz əksini tapıb.