Məscid Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndində yerləşir. İbadət evinin inşa tarixi XIX əsrin sonlarına aiddir. Lakin Hacıfəxrəddin Səfərlinin “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” kitabında, məscidin daha qədim olduğu yazılır və burada, üzərində “XI əsr məscidi” sözləri həkk olunan, kitabə haqqında məlumat verilir.

Məscid düzbucaqlı formadadır və iki mərtəbədən ibarətdir. İbadətgahın divarları daşdan hörülüb. Məscidin damı dəmir təbəqə ilə örtülüb, tavanı isə taxtadandır. Tavan iki sütun üzərində dayanır. İbadət evi iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Qadınlar şöbəsi birinci və ikinci mərtəbədə yerləşir. Məscidin doqquz mehrabşəkilli pəncərəsi və iki giriş qapısı var. İbadətgahın dördpilləli minbəri mövcuddur.

Məscid 1938-1988-ci illərdə fəaliyyət göstərməyib. Burada təmir işləri aparıldıqdan sonra, 1991-ci ildə məscid fəaliyyətini bərpa edib. Bərpa zamanı burada 13 metr hündürlüyündə minarə ucaldılıb. Minarənin üstündə aypara rəmzi quraşdırılıb.

Ordubad şəhəri Dəstə kənd Şingilər məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan- 2017.