Bakı şəhəri, Yeni Günəşli yaşayış sahəsində yerləşən Xanım Fatimeyi Zəhra məscidinə yeni din xadimləri təyin olunub. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən Sirat.az xəbər verir.

Mirnasir Mirbağır oğlu Nağıyev imam, Fərid Əli oğlu Qasımzadə və Ayaz Gülağa oğlu Həşimov isə imam müavinləri vəzifələrinə təyin olunublar. Sentyabrın 21-də Dövlət Komitəsi tərəfindən məscidə yeni təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib.

Bu təyinatlar əhali tərəfindən etirazla qarşılandı. Əhalinin sözlərinə görə, burada artıq müsəlmanları qane edən din xadimləri olub. Yeni axundların təyini səbəbini isə anlamaq olmur.

Məsələ ilə bağlı Sirat.az Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni din xadimləri imtahan nəticələrinə əsasən, təyin olunublar. “Təyinat yeni qanuna əsasən, həyata keçirilib”, – deyə komitədən bildirilib. Əvvəlki axundlar isə vəzifədən kənarlaşdırılıblar.

İmtahanın məscidlərdə vakant yerlər üzrə keçirildiyini və Xanım Zəhra məscidində vakant yerlərin olub-olmaması barədə sual verdik. Belə ki, məsciddə artıq iki din xadimi fəaliyyət göstərirdi və əgər vakant yerlər varsa, əvvəlki din xadimlərinin işdən çıxarılma səbəbi nədir? Cavabında isə bizdən dini qurumlarla iş üzrə şöbəyə yönəlməyi xahiş etdilər. Sözügedən şöbə isə zənglərimizə cavab verməyib.

Bundan əlavə, Dövlət Komitəsindən digər məscidlərdə də din xadimlərinin imtahan nəticələri qaneedici olmadığı təqdirdə işdən kənarlaşdırılacaqları bildirilib.

Qeyd edək ki, yeni təyin edilmiş din xadimlərindən öncə Fatimeyi Zəhra məscidinin axundları Hacı Surxay və Hacı İlqar olublar.