Bu gün, sentyabrın 22-də inanclı şəxslər Yeni Günəşlidəki Xanım Zəhra məscidinə yeni din xadimlərinin təyin olunmasına etiraz edirlər. İnsanlar məscidin qarşısına toplaşır və sosial şəbəkələrdə öz etirazlarını bildirirlər. Bu barədə Sirat.az xəbər verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz hesabında məscidə yeni imamların təyini haqda paylaşım edib. Şərhlərə nəzər saldıqda yerli əhalinin əksəriyyətinin bu qərarla razı olmadıqlarının şahidi olmaq olar. İnsanlar Hacı Surxay və Hacı İlqarın məscidə qaytarılmalarını tələb edirlər.
“Bu təyinata etiraz edirəm və tez bir zamanda Hacı Surxayın və digər məscid xadimlərinin öz işlərinin başlarına dönməsini tələb edirik” – deyə şərh edənlərdən biri yazıb.
Qeyd edək ki, dünən yeni axundların təqdimatı zamanı məscid əhli məsələyə öz etirazlarını bildirib. Lakin DQİDK-dan axundların dəyişdirilməsinə səbəb kimi onların hər ikisinin (Hacı Surxay və Hacı İlqar) xaricdə təhsil alması və dini sahədə diplomlarının olmadığı bildirilib.
Məscidə təyin olunan axundlar Mirnasir Mirbağır oğlu Nağıyev, Fərid Əli oğlu Qasımzadə və Ayaz Gülağa oğlu Həşimovdur.