Pir Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Xanağa kəndində yerləşir. Ocaq XIV-XV əsrlərə aid edilir. Deyilənlərə görə, burada şeyx nəslindən olan Şeyx İslam və Seyyid Tahirin məzarları yerləşir.

Pirin giriş qapısı ilə üzbəüz divarda iki daş kitabə var. Onların birində ərəbcə “Ey bütün qəriblərin dostu! Bu bağ (məzar) Şeyx Nurəddinin oğlu rəhmətlik, bağışlanmış, xoşbəxt şəhid, 1010-cu ildə (1601-ci il) Allah rəhmətinə çatmış, şeyxlər nəslindən (olan) Şeyx İslamındır” cümləsi yazılıb.

Şeyx İslamın şeyx nəslindən olması, mübarizədə öldürülməsi, kəndin adının Xanağa adlandırılması pirin yerində əvvəllər xanəgah olmasını bildirir. İndiki türbənin xanəgahla arasında təqribən 300 il fərq var.

İkinci kitabədə isə bu sözlər qeyd olunub: “Hamınız tələsin deməyə – Allahda olduğundan savayı qüdrət və qüvvə yoxdur”. Bu sözlərin ardınca Quranın 55-ci surəsinin 26-27-ci ayələri və “Bu qəbir Seyyid Həmidin oğlu Seyyid Tahirindir (1307-1308-ci il) sözləri həkk edilib.

Binanın mərkəzi hissəsində bir qəbir yerləşir. Lakin məzarın üzərindəki yazılar və naxışlar zamanla silinib. Sonralar məzarın üstü daşla hörülüb. Burada, həmçinin xalça ornametləri mövcuddur. Məhz bu xalçaların üzərində olan naxışlara görə pirin aid edildiyi əsr müəyyən edilib. Eynən bu tip sənduqələr Culfa rayonundakı Şeyx Xorasan xanəgah kompleksində aşkar olunub.

Mənbə:

  1. Məşədixanım Nemət. Azərbaycan pirləri. Bakı-2010.