Tanınmış futbol klublarında oynamış, hazırda UEFA-nın mərkəzində menecer kimi çalışan əslən azərbaycanlı Mehdi İşık Ərbəin ziyarətində iştirak edib. Bu barədə Shafaqna-ya istinadən Sirat.az xəbər verir.
Mehdi İşık bildirib ki, Ərbəinə gələn hər kəs çox şanslıdır. Çünki bu, Allahın nəsib etdiyi böyük nemətdir. “Mənim bura gəlmə səbəbim və milyonlarla insanı burada birləşdirən İmam Hüseyn (ə.s) və Əhli-Beyt (ə.s) məhəbbətidir. Ərbəində gözəllikdən başqa bir şey görmədim”, – deyə o qeyd edib.
Kərbəla fəciəsinə matəm saxlamağı geridə qalmışlıq, 1400 il öncə baş verənlərə lazımsız bir münasibət kimi qələmə verirlər. Bununla bağlı Mehdi İşık öz fikirlərini bildirib: “İmam Hüseynin (ə.s) eşqinin odu heç zaman sönməyəcək. İmam Hüseyn (ə.s) qisası alınana qədər, İmam Zamanın (ə.f) zühuruna qədər biz bu yolda yürüyəcəyik.
1400 il yox, 2400 il də keçsə, 90 km deyil, 900 km məsafə də olsa, bütün dünyadan gələn milyonlarla İmam Hüseyn aşiqləri inanın, yenə gələcəklər.
Bizi geridə qalmışlıqda ittiham edənlərə deyə bilərəm ki, Allah onlara kömək olsun. Onlar Əhli-Beytin (ə.s), Hz Peyğəmbərin (s) məhəbbətindən xəbərsiz insanlardır.
İmam Hüseynin (ə.s) müsibətinə Məhəmməd Peyğəmbər (s) özü ağlayıb, qızı Xanım Zəhra (s.ə) ağlayıb. Özünə müsəlman deyən və Hz Məhəmmədi (s) özünə Peyğəmbər hesab edən mütləq İmam Hüseynə (ə.s) matəm saxlamalıdır”.
Daha sonra UEFA-nın meneceri əlavə edib ki, o, İmam Hüseynin (ə.s) və İmam Əlinin (ə.s) şiəsi olduğuna görə fəxr edir.
Qeyd edək ki, bu il Ərbəin ziyarətinə 21 190 435 zəvvar qatılıb.