Qafqaz alimlərindən, müctəhid və fəqihlərindən olan Ayətullah Ağa Mir Baqir Ağazadə 1873-cü ildə Salyan şəhərində anadan olub. O, alim Hacı Seyid Zeynəlabdin Salyaninin oğludur.
Ağa Mir Baqir kiçik yaşlarında Quran qiraəti və dini dərslərini atasından və Salyanın tanınmış alimlərindən öyrənib. Sonra Ərdəbil və Zəncan şəhərlərinə gedib, iki il buranın alim və ruhanilərinin dərslərində iştirak edib. Daha sonra Salyani Nəcəfə köçüb, orada Məhəmməd Kazim Təbatəbai Yəzdi, Ayətullah əl-Üzma Mirzə Həbibullah Rəşti və Ayətullah əl-Üzma Mövla Məhəmməd Fazil Şərəbyani kimi alimlərdən təhsil alıb. O, burada müctəhidlik məqamına yüksəlib.
Təhsilini bitirdikdən sonra alim 1909-cu ildə Salyana dönür və burada dini fəaliyyətlə məşğul olur.
Ağa Mir Baqir o dövrdə erməni daşnaklarının Qafqazın müsəlman xalqına qarşı hücumlarının qarşısını almaqda rol oynayıb.
1918-ci ildə alim bolşeviklərin təzyiqlərinə və təhdidlərinə məruz qalır. O, 1930-cu ildə həbs edilir, 1933-cü ildə azadlığa buraxılır. Ağa Mir Baqir 1937-ci ildə yenidən həbs olunur, bir müddət sonra Qazaxıstanın Karakanda həbsxanasına göndərilir. Alim burada dini təbliğ etməyə davam edir və onun bu fəaliyyəti nəticəsində oradaki bir qrup nəzarətçi İslamı qəbul edir.
1941-ci ildə uzun işgəncələrə məruz qaldıqdan sonra Ağa Mir Baqir həbsxanada vəfat edib.
Mənbə:
- Adil Movlayi. Qafqazda elm dünyasının ulduzları. Bakı-2013.