Bu gün, sentyabrın 17-si Ərbəin günüdür. Ərbəin İmam Hüseynin (ə.s) şəhadətə çatmasının 40-cı günüdür.

Azərbaycanda sentyabrın 17-si məscidlərdə əza məclisləri təşkil olunacaq. İbadətgahlarda xütbələr oxunub, ehsanlar veriləcək.

Ərbəin günü İraqın Kərbəla şəhərində, İmam Hüseynin (ə.s) hərəmi önündə 20 milyondan çox insan Həzrəti ziyarət edib, ona başsağlığı verməyə toplaşır. Dünyanın müxtəlif ölkələrində matəm yürüşləri keçirilir, Kərbəla şəhidlərinin xatirəsi anılır.

Hicrətin 61-ci ilində məhərrəm ayının 10-u Kərbəlada İmam Hüseyn (ə.s) və onun 72 səhabəsi Yezid ibn Müaviyə tərəfindən şəhid edilib. İmamın ailəsi isə əsir götürülüb. Şəhidlərin başları nizələr üstə İraqın şəhərlərinə aparılır ki, camaat bundan ibrət alsın və xəlifəyə qarşı qiyama qalxmasın.

Bu hadisə müsəlmanlar və xüsusilə Əhli Beyt (ə.s) aşiqləri üçün böyük faciədir. O gündən etibarən hər il məhərrəm ayı başlayandan səfər ayının 20-nə kimi, yəni Ərbəin gününədək müsəlmanlar matəm saxlayırlar.

Peyğəmbər (s) də hələ sağ ikən Həzrət Hüseynin (ə.s) başına gələcək müsibətlərə ağlayıb. Ummu Sələmə nəql edir: “Bir gün Peyğəmbər (s) mənim evimdə ikən Hüseyni (ə.s) qucağına alıb ağlayırdı. Ondan nə üçün ağladığını soruşdum. Həzrət buyurdu: “Cəbrail bu uşağın şəhid olacağını mənə xəbər verdiyi üçün ağlayıram.” Sonra əlimə bir az torpaq verib buyurdu: “Bu torpaq Kərbəla torpağıdır. Haçan gördün ki, bu torpaq qana döndü, bil ki, Hüseyni şəhid ediblər”.