Ayətullah Axund Hacı Şeyx Fərəcullah Pişnamazzadə 21 mart 1870-ci ildə Şəki şəhərində ruhani ailəsində anadan olub. O, Qurana Azərbaycan dilində ilk dəfə təfsir yazan şəxsdir.
O, ilk dini təhsilini Şəkidəki alimlərdən alıb. Pişnamazzadənin 15 yaşı olarkən o, Ərdəbilə, daha sonra isə Zəncana səfər edərək, dini dərslərdə iştirak edib. Bir müddətdən sonra din xadimi Tehran şəhərindəki ustadlardan dərs alıb. Şeyx Fərəcullah 1894-cü ildə təhsilini davam etdirmək üçün Nəcəf şəhərinə yollanıb. Orada o, Ayətullah əl-Üzma Şeyx Məhəmməd Həsən Mamaqani, Ayətullah əl-Üzma Axund Molla Məhəmməd Kazim Xorasani və Ayətullah əl-Üzma Mövla Məhəmməd Fazil Şərəbyani kimi alimlərin tələbəsi olub.
Pişnamazzadə 1900-cu ildə Azərbaycana qayıdaraq Şəkidə dini fəaliyyətlə məşğul olub. O, Şəkidə mədrəsə inşa edərək, orada İslamı tədris edib. Şeyx Fərəcullah “Şəki şəhəri və qəza müsəlman əhalisi arasında savad yayan Nuxa cəmiyyəti” adlı xeyriyyə təşkilatının yaradıcılarından biri olub.
İctimai-siyasi xadim Nəriman Nərimanov 1920-cu illərdə sovet hökuməti tərəfindən ölümünə fərman verilən Hacı Şeyx Fərəcullah Pişnamazzadənin həyatını xilas edib. Onu qətlə yetirmək üçün din xadimi siyasi idarəyə aparılıb, lakin Nərimanovun etirazı nəticəsində Pişnamazzadə azadlığa buraxılıb.
1930-cu ildə Fərəcullah Pişnamazzadə Bakı şəhərinə köçüb. Pişnamazzadə 1930-cu illərdə Zaqafqaziya müsəlmanları Şeyxülislamının müavini təyin olunub və ömrünün sonuna kimi bu vəzifədə çalışıb. O, Şəkinin Gəncəli və Mənçəri məhəllələrində su xəttinin çəkilməsinə nail olub.
Axund Fərəcullah ədəbiyyatşünaslar Bəxtiyar Vahabzadə və Əzizə Cəfərzadənin müəllimi olub. Pişnamazzadənin istedadı Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə tərəfindən yüksək qiymətləndirilirdi.
Şeyx Fərəcullah Lev Tolstoyla məktublaşaraq dinin insan mənəviyyatına təsiri barədə fikir mübadiləsi aparıb. Həmin məktublar hazırda Tiflis şəhərinin Tarix muzeyində saxlanılır. Tolstoy öz fotoşəklinin arxasına yazı qeyd edərək Fərəcullaha göndərib. Fotoşəkil və Axund Fərəcullah haqqında məlumat Almaniyanın Drezden muzeyində saxlanılır.
Hacı Şeyx Fərəcullah Pişnamazzadə 11 aprel 1952-ci ildə Bakı şəhərində vəfat edib və orada da dəfn olunub.
Mənbələr:
- Q.Əlioğlu. Fəzilətli Fərəcullah Pişnamazzadə. Bakı-2006.
- Adil Mövlayi. Qafqazda elm dünyasının ulduzları. Bakı-2013.
- Həbibulla Manaflı. Şəki üsyanları.
- Beynəlxalq mədəniyyət və turizm jurnalı. Noyabr 2007.
- calilbook.musigi-dunya.az