Şeyx Rəcəb Kazım oğlu 1843-cü (1863) ildə Lənkəran rayonunun Kosalar kəndində ruhani ailəsində anadan olub. O, yaratdığı əsərlərdə “Vəssaf” (vəsf edən) təxəllüsündən istifadə edirdi.

Şeyx Rəcəbin atası Kazımın Cabbar və Nəcəfəli adında iki oğlu olmuşdur. Şeyxin babası Baxşəli Lənkəran qəzasının Dırığ mahalının Bilnə kəndindən (indiki Lerik rayonunun Bilnə kəndi) Lənkəranın Kusə (indiki Kosalar) kəndinə köçmüşdür. Bu şəcərənin İslama bağlılığı Rəcəbin uşaqlıqdan dini təhsil almasına təsir edib.

Şeyx Vəssaf ilk öncə Lənkəran mədrəsəsində sonra isə Nəcəf şəhərində dini təhsil alıb. Nəcəfdən qayıdarkən, bir müddət Tehranda “Madərşahi-qədim” mədrəsəsində oxuyub.

Lənkərana qayıtdıqdan sonra, onu biliyinə görə “Mirzə” adlandırırdılar. Mirzə Rəcəb həftədə iki dəfə şəhərin Kiçik bazar məscidində azan verirdi.

Onun 1893-cü ildə yazdığı “Əxlaqnamə” əsəri bir sıra dini və əxlaqi dəyərlərdən bəhs edir. Hazırda əsər AMEA-nın Əlyazmalar İnstitutunda qorunub saxlanılır.

Yazıçı Hacı Mirhaşım Talışlının qeyd etdiyinə görə, Mirzə Rəcəb Kazım oğlunun yazdığı “Nəsihətnamə” A.Bakıxanovun yaratdığı eyni adlı əsərindən heç də geri qalmır.

Şeyx Rəcəbin “Əxlaqnamə” əsəri ilə yanaşı, tibbi mövzuda “Dişə qulluq etmək qaydası” kitabı da mövcuddur. Kitab hal-hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilir.

Mirzə Rəcəb Vəssaf 1925-ci ildə vəfat edib və Kosalar kənd qəbiristanlığında dəfn olunub. Hazırda Lənkəran şəhərinin küçələrindən biri Mirzə Rəcəb Vəssafın adını daşıyır.

Mənbələr:

  1. Etibar Əhədov, Samir Quliyev. Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları. Bakı-2018.
  2. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran ensiklopedik məlumat. Bakı-2017.
  3. ambur.az