Son günlər şəhidlərin dəfn mərasimlərində dini təziyələrin qurulması mövzusu gündəmə çevrilib. Bəziləri şəhidlərin yas mərasimlərində İmam Hüseyn (ə.s) məclislərinin qurulmasını şəhidlərə hörmətsizlik hesab edir.

Sentyabrın 15-də sosial şəbəkələrdə bir şəhid anasının etiraz videosu yayılıb. Görüntülərdə şəhid anası mərsiyə oxuyub, “Ya Əbəlfəzl, Ya Hüseyn” şuarları səsləndirənlərə etiraz edərək onun oğlunun da adının çəkilməsini istəyib.

Daha sonra isə DİN sözügedən məsələ ilə bağlı münasibət bildirib. Nazirliyin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynovun sözlərinə görə, şəhidlərin dəfni polis əməkdaşlarının nəzarəri altında keçirilir. Dini təziyələr keçirənlər də polisin müşahidəsindədir. “Lakin dəfn mərasimində hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin şəxsləri oradan uzaqlaşdırmırlar”, – deyə Zeyni Hüseynov qeyd edib. O, həmçinin əlavə edib ki, mərasimlər başa çatdıqdan sonra qeyd olunan şəxslərin ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür.

Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də paylaşım edib. Qurum hesab edir ki, dəfn mərasimlərində təziyə quranlar kənar dairələrin təlimatlarını yerinə yetirirlər.Azərbaycan xalqı bu kimi təxribatçı qrupları yaxşı tanıyır və birmənalı olaraq qətiyyətlə rədd edir. Şəhidlərin dəfn mərasimlərindən özlərinin məkrli əməlləri üçün istifadə etmək istəyənlər heç bir şeyə nail ola bilməyəcəklər, – deyə paylaşımda qeyd olunub.

Baş verənlərlə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli fikir bildirib. Din xadiminin sözlərinə görə, Azərbaycanın bir sıra bölgələrində belə bir ənənə var ki, gənc insan vəfat edəndə İmam Hüseyn (ə.s) yad edilir. Bunun heç bir xarici dövlətlə də əlaqəsi yoxdur. O, həmçinin əlavə edib ki, şəhidin yasında İmam Hüseynin (ə.s) yad olunması şəhadət məqamının yüksəkliyinə işarə edir. Belə ki, Həzrət Hüseyn (ə.s) şəhidlər sərvəri və Peyğəmbər (s) nəvəsidir.

Din xadimi şəhadət anlayışının məhz İslam dinindən qaynaqlandığını də diqqətə çatdırıb. Elə bir İslam əqidəsi, elə bir müsəlman yoxdur ki, İmam Hüseynə (ə.s) hörmət etməsin.

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törədilib. Nəticədə 71 hərbi qulluqçumuz şəhid olub.