Qasımbəy Cümə məscidinin axundu ilahiyyatçı, əxlaq ustadı Samir Ağayev deputat Fazil Mustafanın şəhidlərin dəfni barədə dediklərinə reaksiya verib. Bu barədə sentyabrın 15-də din xadiminin hesabında məlumat yayılıb.

Millət vəkili Fazil Mustafa öz hesabında etdiyi paylaşımda şəhidlərin dəfnində keçirilən təziyələrin məqsədyönümlü şəkildə edildiyini yazıb. O, həmin təziyələri keçirənlərə müraciət edərək: “Heç olmazsa şəhidimizin dəfnini murdarlamayın”, – deyib.

“Bu şəhidlərin qatili yalnız erməni deyil ki… Bəs ermənilərə açıqca dəstək verənlər qatil deyillər? Cəhənnəm olub gedin erməniyə yaltaqlıq edən ağalarınızın yanına”, – deyə deputat əlavə edib.

Ruhani Samir Ağayev isə Fazil Mustafanın bu sözlərini tənqid edib. O, millət vəkilinin paylaşımının təhqiredici və qarşıdurma yaradan olduğunu hesab edir. Siyasət dəyişkəndir, bu gün fikir ayrılıqları olan ölkələr sabah eyni fikirli ola bilərlər. Sənin “məntiqin” ilə məsələyə yanaşsaq, sabah Səudiyyə Ərəbistanı ilə siyasi problemimiz olsa, Məkkədən də, üzü qibləyə dayanmaqdan da imtina etməliyik”, – deyə din xadimi qeyd edib.

Ruhani deputat barədə ciddi tədbirlərin görülməsinə və onun mandatının ləğv olunmasına ümüd etdiyini bildirib.

Qeyd edək ki, şəhidlərin dəfn mərasimində mərsiyə oxunması məsələsi son günlər gündəmə çevrilib. Bununla bağlı ilahiyyatçı Hacı Şahin də öz fikirlərini bildirib.