Qafqaz məntəqəsinin əzəmətli alimlərindən biri Ayətullah Mirzə Kamyab Axundzadə Fətullah oğlu 1870-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub.

O, ibtidai dini təhsilini atasından və məntəqədəki başqa alim və ruhanilərindən alıb.

Kamyab Axundzadə 1890-cı ildə Qum şəhərinə yollanıb. Burada o, şəhərin alimlərindən bəhrələnib. Sonra Məşhəd dini hövzəsinə səfər edərək, şəhərdəki alimlərin elmindən faydalanıb. Axundzadə bu iki dini hövzədə 15 ildən çox oxuyub.

O, Ayətullah Şəhid Şeyx Əbdulqəni Badkubei ilə birgə ruslara və ermənilərə qarşı vuruşub.

Mirzə Kamyab Azərbaycana qayıtdıqdan sonra Məhəmməd məscidində camaat namazlarına başçılıq edib. O, Təzəpir və Əjdərbəy (Göy məscid) məscidlərində dini fəaliyyətə başlamışdır.

Kamyab Axundzadə 1929-cu ildə həbs edilərək, 5 il müddətinə Sibirə sürgün edilib, 1934-cü ildə isə Bakıya qayıdıb.

Axundzadə bir müddət sonra yenidən həbs edilərək, Quba şəhərinə sürgün edilib. Onun evi və bütün əmlakı müsadirə olunub. Alim iki ildən sonra Bakıya qayıdıb.

Kamyab Axundzadə 1936-cı ildə üçüncü dəfə sövet hökuməti tərəfindən həbs edildikdən sonra vəfat edib.

Mənbə:

  1. Adil Mövlayi. Qafqazda elm dünyasının ulduzları. Bakı-2013.