Mahaçqalada, Xəzər dənizinin sahilində Avropanın ən böyük məscidinin tikintisi planlaşdırılır. Bu barədə İslamNews-a istinadən Sirat.az xəbər verir.

Məscid Məhəmməd Peyğəmbərin (s) adını daşıyacaq. Cümə günü 25 minə qədər insanın camaat namazı üçün məscidə toplaşa biləcəyi güman edilir.

Layihə özündə məscid, hotel, ticarət mərkəzi, eləcə də park və gəzinti zonası ehtiva edir. İnvestisiyaların həcmi 7 milyard rubl dəyərində qiymətləndirilir (təxmini 200 milyon manat). Layihənin sifarişçisi İsa peyğəmbərin (ə.s) adını daşıyan qeyri-kommersiya təşkilatı olan Mənəvi-Tədris Mərkəzidir. Mərkəz layihəni investorların, eləcə də ayrı-ayrı şəxslərin xeyriyyə ianələri hesabına həyata keçirmək niyyətindədir.  Layihənin sponsorlarından biri də iş adamı Süleyman Kərimovdur. İnvestorların vəsaitləri 4 ulduzlu hotel və ticarət mərkəzinin tikintisinə cəlb olunub.

Layihənin baş memarı Əhməd Maqomedovun sözlərinə görə, kompleks ərazilərin 60 hektarını əhatə edəcək. Tikinti işləri isə ərazinin yalnız 20%-də aparılacaq, qalan ərazilər gəzinti və istirahət üçün abadlaşdırılacaq.

Hazırda məscidi ticarət mərkəzi və mehmanxana ilə birləşdirmək üçün 1,3 kilometrlik Xalq xiyabanının yaradılmasına artıq başlanılıb. Xiyabanda oturacaqlar və velosiped yolları, həmçinin kafe və süni axar salınacaq.  Layihə müəlliflərinin sözlərinə görə, Xalq xiyabanının tikintisi 2023-cü ildə, ticarət mərkəzinin tikintisi 2024-cü ildə başa çatdırılacaq, məscid isə 2025-ci ildə hazır olacaq.