Sentyabrın 13-ü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyiblə görüşüb. Bu barədə QMİ xəbər verib.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə toxunulub, İslama və İslam sivilizasiyasına qarşı təxribatların qarşısını almağın vacibliyi vurğulanıb.
Şeyx Əhməd Ət-Tayyib Allahşükür Paşazadənin Müsəlman Ağsaqqalları şurasına üzv seçilməyi ilə əlaqədar təbrik edib. Əl-Əzhərin Baş İmamı yaxın zamanlarda Azərbaycanı ziyarət edəcəyinə inandığını bildirib.
Qeyd edək ki, Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstan Respublikasında səfərdədir. Səfər çərçivəsində onun Roma Papası ilə görüşü gözlənilir.